Məmmədyarov: “Rusiya ilə əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır”

Məmmədyarov: “Rusiya ilə əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır”
# 15 noyabr 2016 10:32 (UTC +04:00)

“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsidir”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibəsində deyib. O, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyini və ölkənin BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini xatırladıb. İspaniyanın Sivilizasiyalar Alyansına dəstəyini yüksək qiymətləndirən E. Məmmədyarov son illər ərzində Bakı ilə Madrid arasında pozitiv dialoqun inkişaf etdiyini və əlaqələrin gücləndiyini bildirib.

Avropa İttifaqı ilə əlaqələrə toxunan nazir 2016-cı ildə Aİ ilə əlaqələrdə iki mühüm ildönümünün qeyd olunduğunu vurğulayıb: “Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 20 illiyi və Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun 10 illiyi qeyd edildi. Son iki onillik ərzində Aİ ilə əlaqələr müxtəlif mərhələlərdən keçib və qarşılıqlı maraq doğuran sahələrdə daha yaxın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə nəticələnib”.

E. Məmmədyarov Azərbaycanın zəngin karbohidrogen resurslarına malik ölkə kimi əhəmiyyətli həcmdə xam neftin Avropa bazarlarına çıxarılmasını təmin etməklə Aİ-nin enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verdiyini söyləyib. O, Aİ ilə enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi üzərində işin aparıldığını diqqətə çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiya olunmasında mühüm amil olduğunu vurğulayıb.

Rusiya ilə əlaqələrə gəlincə, Azərbaycanın xarici işlər naziri bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və qarşılıqlı faydalı şəkildə inkişaf etdiyini deyib: “Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir, onların 200-ü sırf Rusiya kapitalı, 300-ü isə birgə müəssisə kimi çalışır”.

Nazir Azərbaycanın xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin də daxil olduğunu diqqətə çatdırıb: “Son illər ərzində Azərbaycan və Latın Amerikası ölkələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əsaslı səylər göstərirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR