Türkiyə Suriyada kimyəvi silahdan istifadə edilməsinə dair dəlilləri beynəlxalq qurumlara göndərəcək

Türkiyə Suriyada kimyəvi silahdan istifadə edilməsinə dair dəlilləri beynəlxalq qurumlara göndərəcək
# 05 aprel 2017 12:50 (UTC +04:00)

Aprelin 4-də səhər saatlarında müxalif Azad Suriya Ordusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə hava zərbəsi endirilməsindən sonra kimyəvi qazdan zəhərlənərək ölənlərin sayı 72 nəfərə çatıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, ölənlərdən 20 nəfəri uşaqdır.

Bu gün də Suriya ordusunun hava qüvvələrinin İdlibə hücumları davam edib. İdlibə 5 hava zərbəsi endirilib.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ İdlibdə kimyəvi qadan zəhərlənən 30 nəfərin müalicə üçün, o cümlədən zəhərlənmədən ölən 2 nəfərin cəsədinin Türkiyəyə gətirildiyini açıqlayıb. R. Akdağ İdlibdə kimyəvi silahdan istifadə edilməsinə dair dəlillərə malik olduqlarını bildirib: “Həmin dəlilləri sənədləşdirərək Ümumdünya Səhiyyə Təşkilatına göndəririk. Bəşəriyyətin bu məsələyə laqeyd qalmaması lazımdır. Zalım rejimin uşaq, qoa, gənc ayırmadan hər kəsin üzərinə bomba yağdırması, üstəlik, kimyəvi hücum təşkil etməsi vəhşilikdir”.

Qeyd edək ki, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayəti Suriyada müxalif Azad Suriya Ordusunun nəzarət etdiyi ən böyük ərazidir. Suriya hakimiyyəti və Rusiya indiki mərhələdə məhz İdlibin nəzarət altına alınmasına diqqət yönəldib. Quru qüvvələrinin iştirakı ilə genişmiqyaslı hücumun gələn həftə bazar ertəsi başlanması gözlənilir. Müxaliflər İdlibə kimyəvi bombaların Suriya, yaxud Rusiya qırıcı təyyarələrindən atıldığını bildiriblər. Rusiya Müdafiə Nazirliyi isə bu gün Han Şeyhun qəsəbəsində silahlıların hərbi anbarının bombalandığını, anbarda kimyəvi silah saxlanıldığını iddia edib.

BMT Təhlükəsizlik Şurası İngiltərə və Fransanın çağırışı ilə bu gün hadisə ilə bağlı toplantı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR