Bakıda FHN əməkdaşları üçün inşa edilmiş yaşayış binalarının açılışı olub

Bakıda FHN əməkdaşları üçün inşa edilmiş yaşayış binalarının açılışı olub
# 19 mart 2016 12:19 (UTC +04:00)

Bakı - APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları üçün inşa edilmiş yaşayış binalarının açılış mərasimi olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində FHN-in əməkdaşları üçün inşa olunmuş hər biri 12 mərtəbəli, 96 mənzilli 2 yaşayış binası istifadəyə verilib.

Yaşayış binalarının açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan prezidenti İlham Əliyevin FHN əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları Novruz bayramı münasibəti ilə təbrik edən nazir müavini qeyd edib ki, yeni mənzillərin təqdim olunması nazirlik əməkdaşlarının bayram sevincini ikiqat artırıb.

Yeni mənzil alanlar adından FHN-in zabiti kapitan Şahbaz Həsənov çıxış edib. Sonra F. Tağı-zadə yaşayış binalarının rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Qeyd olunub ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binaları FHN Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR