Bakıda 5 yaşlı uşağın xəstəxanada ölməsi ilə bağlı açıqlama verilib

Bakıda 5 yaşlı uşağın xəstəxanada ölməsi ilə bağlı açıqlama verilib
# 11 mart 2016 10:48 (UTC +04:00)

BAkı. Könül Kamilqızı - APA. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev klinikada 5 yaşlı uşağın ölüm faktına münasibət bildirib.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, S.Musayev bildirib ki, 5 yaşlı Hövsan sakini Ömər Fətəliyev martın 7-də saat 19:36-da Ə.Qarayev adına 2 saylı Bakı Şəhər Klinik Uşaq Xəstəxanasının reanimasiya şöbəsindən ağır vəziyyətdən Tədris Terapevtik Klinikasına köçürülüb:

“Bu zaman uşaqda komatoz vəziyyət qeyd olunub, bəbəklərin işığa, bədənin ağrı qıcığına reaksiyası olmayıb. Uşaq demək olar ki, heç bir fizioloji reflekslərə cavab verməyib, hətta həkimlər tərəfindən zondla qidalandırılırmış. Valideynlərin dediyiniə görə, uşaqda martın 4-də bağçadan evə gələn zaman yüksək hərarətlə müşayiət olunan qusma halı baş verib. Anası ilkin tibbi yardım kimi uşağa qızdırma salan “Nurafen” adlı dərman vasitəsi verib. Dərman kömək etmədiyindən, gecə təcili tibbi yardım çağırıblar, onlar uşağa müəyyən köməkliklər ediblər. Martın 5-də uşağın vəziyyəti yaxşılaşmadığı üçün poliknikaya, ordan da Əmircandakı xəstəxanaya göndərilib. Sonra həkimlər edilən müdaxilələrin nəticəsiz qaldığını görüb uşağı 1 saylı Şəhər Klinik Xəstəxanasına göndəriblər. Burda rentgen, USM müayinəsi aparılaraq, heç bir cərrahi problem olmadığı deyilib. Sonra xəstəni Qarayev adına Uşaq Xəstəxanasına gətiriblər. Burda isə uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman həkimlər uşaqda yüksək hərarət və onun huşunun alaqaranlıq olduğunu aşkar ediblər. Sabahısı gün uşaq koma vəziyyətinə düşüb”.

S.Musayev əlavə edib ki, Ə.Qarayev adına Uşaq Xəstəxanasında edilən müdaxilələrin heç bir nəticə vermədiyini görən valideynlər onun Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürülməsi üçün müraciət ediblər. “Uşaq reanimasiya şöbəsinə yerləşdirilən zaman onun vəziyətinin ağırlaşdığı və yaşama şansının çox aşağı olduğu haqda valideynlərinə məlumat verildi. Buna baxmayaraq valideynləri uşağın Klinikaya qəbul olunması üçün xahiş etdilər. Klinikada həkimlər tərəfindən bütün intensiv reanimasiya tədbirləri görüldü, təcili müayinələr aparıldı. Amma buna baxmayaraq, ayın 9-da saat 7 radələrində uşaq həyatını itirdi”.

Direktor vurğulayıb ki, Klinikada olduğu iki gün müdətində uşağa ensefalit, beyin ödemi, (plevrit və pnevmoniya), sepsis diaqnozu qoyulub. Həmçinin uşaqda poliorqan (qaraciyər, ağciyər və ürək çatışmazlığı) aşkar edilib.

“Uşaq eyni zamanda Klinikaya köçürülməzdən əvvəl valideynlərinə Klinikanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 dekabr 2010-cu il tarixli 361S saylı sərəncamına əsasən, özünümaliyyələşdirmə prinsipi ilə (təsərüfat hesablı olduğu) fəaliyyət göstərdiyi bildirilib. Valideynləri bu barədə heç bir problem olmadığını qeyd edərək, müvafiq müqvilə imzalayıblar. Hazırda uşağın ölümü ilə əlaqədar valideynlərinə onların qalan borclarının Klinikanın daxili imkanları hesabına ödəniləcəyi haqda da məlumat vermişik”.

S. Musayev onu da qeyd edib ki, qaydalara əsasən, Klinikada ölüm hadisəsi baş verdikdə və ya xəstə evə yazılan zaman borcların olması haqda həmin şəxslərə məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR