Bu il "Şahdəniz" yatağından 7,2 mlrd. kubmetr qaz hasil edilib

Bu il "Şahdəniz" yatağından 7,2 mlrd. kubmetr qaz hasil edilib
# 30 noyabr 2015 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin üç rübü ərzində “Şahdəniz” yatağından 7,2 mlrd. standart kubmetr qaz və 1,66 mln. ton (təqribən 13,4 mln. barel) kondensat hasil edilib.

“Şahdəniz” yatağının əməliyyat operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. standart kubmetr və ya ildə təqribən 10 mlrd. kubmetrdir.

“Şahdəniz” layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqust ayında “Şahdəniz” platformasının, həmçinin “Səngəçal” terminalındakı “Şahdəniz” qurğularının planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib. Plana əsasən “Şahdəniz” platformasından hasilat təxminən 20 gün ərzində dayandırılıb ki, nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Təhlükəsiz şəkildə başa çatdırılan bu proqram “Şahdəniz” obyektlərinin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan hasilat və ixrac əməliyyatlarını davam etdirə bilməsi üçün planlaşdırılıb.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR