Salyan və Neftçalada sahil zolağında aparılmış monitorinqin nəticələri açıqlanıb

Salyan və Neftçalada sahil zolağında aparılmış monitorinqin nəticələri açıqlanıb
# 13 avqust 2016 08:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Salyan və Neftçala rayonlarında ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə monitorinq keçirilib. Monitorinq zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş bəzi qanun pozuntuları aşkarlanıb”. APA-nın xəbərinə görə, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində əksini tapıb.

Bülletendə bildirilib ki, Salyan rayon ərazisindən Xəzər dənizinə birbaşa axarı olmadığından, formalaşan tullantı suları dolayı yollar (müxtəlif kollektor, kanal və s.) vasitəsi ilə Bakı şəhərinin Qaradağ rayonu və Neftçala rayonu ərazilərindən dənizə axıdılır: “Bu sahə üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Salyan Rayon Sukanal İdarəsinin cavabdeh olmasına baxmayaraq, tullantı suların idarə edilməsi qeyri-qənaətbəxşdir. Rayonda digər bir ekoloji problem - formalaşan bərk tullantıların düzgün idarə edilmədiyi tərəfimizdən müşahidə edilib. Belə ki, rayonda fəaliyyət göstərən Kommunal Təsərrüfat İdarəsi yalnız mərkəzi küçələrdə və bəzi iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının daşınmasına xidmət edir. Mərkəzdən kənar digər küçələrdə, kənd və qəsəbələrdə formalaşan tullantılar isə yaxın ərazilərə atılaraq daşınması təmin edilmir. Eyni zamanda Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış sahədə tullantıların zərərsizləşdirilməsi istiqamətində heç bir iş aparılmır. Poliqonda rayonun əsas magistralına yaxın ərazidə üst-üstə yığılaraq qalaqlanan bu tullantıların zərərsizləşdirilməyərək yandırılması da tərəfimizdən müşahidə edilib”.

Bülletendə qeyd olunub ki, Neftçala rayonu ərazisində əhalinin içməli suya olan tələbatının Kür çayı vasitəsilə ödənilməsinə baxmayaraq, çay sahil ətrafı yaşayış massivləri və bu ərazilərdə fəaliyyət göstərən müəssisələr tərəfindən çirklənməyə məruz qalır: “Mil-Muğan kollektoru İmişli rayonundan başlayıb Neftçala rayonunun Yeniqışlaq kəndi ərazisindən keçərək Xəzər dənizinə tökülür. Bu kanal da çirklənməyə məruz qalır. Belə ki, Salyan rayonunda formalaşan tullantı suların çox hissəsi, Neftçala rayonunda formalaşan tullantı suların isə az hissəsi məhz bu kanal vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Neftçala rayonunda formalaşan bərk məişət tullantılarının Kommunal Təsərrüfat İdarəsi tərəfindən düzgün idarə edilməməsi tərəfimizdən aşkar edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR