Amerikalı politoloq: “ABŞ Azərbaycanla münasibətlərə dair strategiya hazırlamalıdır”

Amerikalı politoloq: “ABŞ Azərbaycanla münasibətlərə dair strategiya hazırlamalıdır”
# 29 mart 2016 10:53 (UTC +04:00)

Bakı – APA. Vaşinqtondakı İrs Fondunun (Heritage Foundation) Xarici Siyasət Mərkəzinin direktoru Lük Koffeynin “Visions of Azerbaijan” jurnalında “ABŞ-Azərbaycan münasibətlərini yenidən qaydasına qoymağın vaxtıdır” /http://www.visions.az/en/news/756/341ca0c3/ adlı məqaləsi dərc edilib.

Avropa-Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, məqalədə ABŞ-Azərbaycan münasibətlərinin tarixinə ekskurs edilir, ölkələr arasında olan əlaqələrin regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. Tanınmış amerikalı politoluqun fikirlərindəki bəzi mübahisəli məqamlara baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərinə dair Amerikadan baxışın Azərbaycan auditoriyası üçün maraqlı olmasını nəzərə alaraq məqalənin tərcüməsini təqdim edirik:

“Bəzən nəzərə alınmasa da, Azərbaycan ABŞ-ın dünyada qarşılaşdığı bir çox çətinliklər baxımından, onun üçün çox vacib bir ölkədir. Vaşinqton və Bakının dirçələn Rusiya, cəsarəti artmış İran, tərəddüd edən müttəfiqlər, böyüyən Çin və islam ekstremizminin artması kimi ortaq çətinlikləri var. Bu iki ölkə arasında sıx əməkdaşlıq və tərəfdaşlıq onların hər ikisi üçün əlverişli ola bilər. Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm coğrafi və mədəni yol ayrıcında yerləşir, əsrlər boyu özünün hərbi və iqtisadi baxımdan strateji əhəmiyyətini sübuta yetirib. Deyəsən, bu faktı bir çox ABŞ siyasətçiləri unudur. Son zamanlar ABŞ Azərbaycan, Cənubi Qafqaz və Xəzər regionu ilə münasibətlərində bir qədər kənarda qalmaq mövqeyini seçib. Lakin bu, heç də hər zaman belə olmayıb.

Çoxdankı münasibətlər

ABŞ-Azərbaycan münasibətlərinin tarixi Birinci Dünya müharibəsindən sonra baş tutmuş Paris Sülh Konfransına gedib çıxır. O zaman Azərbaycan Demokratik Respublikasının qısa ömrünün ilk vaxtları idi. Respublikanın xarici işlər naziri Əlimərdan bəy Topçubaşov (Əlimərdan bəy Topçubaşov parlamentin sədri idi -red.) Parisdə Birinci Dünya müharibəsinin qalibləri qarşısında müstəqil Azərbaycanı tanıtmaq məqsədilə fransızların onun başçılıq etdiyi nümayəndə heyətinə viza verməsini gözləyərkən İstanbulda ilişib qalmışdı. Günlər həftə oldu, həftələr ay oldu, lakin vizaların verilməsi prosesi uzanırdı. Nəhayət, ABŞ-ın dövlət katibi Robert Lansinq Azərbaycan nümayəndə heyətinə vizaların əldə edilməsində yardım istəmək üçün fransalı həmkarı Stefen Pişona məktubla müraciət etdi. Üç aydan sonra Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti, nəhayət, Parisə gələ bildi. Topçubaşovun ABŞ prezidenti Vudro Vilsonla görüşü baş tutdu və bu, Azərbaycan Demokratik Respublikasının de-fakto tanınması ilə nəticələndi. Əfsuslar olsun ki, bu yeni respublikanın ömrü qısa oldu. Bir neçə aydan sonra Azərbaycan Qızıl Ordu tərəfindən işğal olundu və Sovet İttifaqının tərkibinə daxil edildi. Azərbaycan nümayəndı heyəti ilə danışıqlardan bir neçə il sonra ABŞ prezidenti Vudro Vilson San-Fransiskodakı çıxışı zamanı bu görüş barədə xatirələrini bölüşərkən deyib: “Belə ki, günlərin birində Azərbaycandan olan bir qrup alicənab və maraqlı cənablar təşrif buyurdu… Mən ideyalar, azadlıq, hüquq və ədalət konsepsiyaları baxımından mənimlə eyni dildə danışan bir şəxslə söhbət etdim”.

Onun fikirləri təəccüb doğurmamalıdır. Azərbaycan qadınları amerikalı həmkarlarından demək olar ki, iki il əvvəl səsvermə hüququ əldə ediblər. “Soyuq müharibə” və Azərbaycanın sovet işğalı zamanı ABŞ və Azərbaycan SSR arasında rəsmi diplomatik münasibətlər olmayıb. Təbii ki, ola da bilməzdi. Buna baxmayaraq, Sovet İttifaqının süqutundan sonra ABŞ prezidenti Corc Buş 25 dekabr 1991-ci il tarixində, Milad bayramında Azərbaycanın yenidən bərqərar olunmuş müstəqilliyini tanıyıb. Təəssüf ki, 1990-cı illərin sonuna qədər ABŞ, Azərbaycan da daxil olmaqla, yeni müstəqillik qazanmış keçmiş Sovet İttifaqı ölkələri ilə münasibət qurmaq həvəsini itirib. Lakin bu yanaşma 11 sentyabr terror hücumlarından dərhal sonra dəyişikliyə məruz qaldı. Bu hadisələrdən sonra ABŞ beynəlxalq terrorizmə qarşı mübarizədə səylərini gücləndirdi. Belə ki, Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün Qafqaz və Orta Asiyadan təhlükəsiz tranzit və dislokasiya hüquqlarını təmin etmək məqsədilə ABŞ bu regionla əməkdaşlıq əlaqələrini yeni müstəvidə qurmaq qərarı verdi. Bu müddət ərzində Azərbaycan ABŞ üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan ABŞ-la beynəlxalq terrorizmə qarşı savaşda sıx əməkdaşlıq etməklə çətin bir işə qol qoydu. Azərbaycan ABŞ üçün sadəcə arzuolunan müttəfiq deyildi, o, həmçinin, İraq və Əfqanıstana öz sülhməramlı qoşunlarını göndərməyə razılıq verdi. Hətta Azərbaycan hərbçilərindən bəziləri amerikalı həmkarları tərəfindən medallarla da təltif edildi. Bakı ABŞ və NATO üçün mühüm tranzit yolları açıb. Antiterror tədbirlərinin ən pik zirvəsində ABŞ və NATO-nun Əfqanıstan əməliyyatları üçün nəzərdə tutulmuş sursat və avadanlıqlarının dörddə bir hissəsi Azərbaycan və Gürcüstanın ərazisindən daşınıb. Bu müddət ərzində sayı 100 mindən çox olan beynəlxalq koalisiya qoşunları Əfqanıstana yollanarkən Azərbaycanın hava məkanından istifadə edib.

Qarşılıqlı münasibətlər

Əfqanıstanda həyata keçirilən missiyaya Bakının dəstəyindən əlavə, Azərbaycan bir çox başqa səbəblərə görə də ABŞ üçün vacib tərəfdaşdır. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, çox dünyəvi cəmiyyətdir. Azərbaycanın İsrail və Türkiyə ilə də çox yaxın münasibətləri var və burada İrana qarşı inamsızlıq hökm sürür. Bu hal Azərbaycanın xarici siyasətini Amerikanın xarici siyasəti ilə bir araya gətirir. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsidir və alyansın təlim məşqlərində və zabit mübadiləsi proqramında iştirak edir. Azərbaycan fəal şəkildə NATO-ya üzv olmağa çalışmasa da, o, NATO-nun keçirdiyi missiyalarda iştirak edir. Türkiyə və Gürcüstan da daxil olmaqla, digər NATO üzvləri və tərəfdaşları ilə yaxın münasibətlər qurur. ABŞ və Azərbaycan arasında sıx münasibətlərin 11 sentyabr hücumlarından sonra inkişaf etməsinə baxmayaraq, son zamanlar baş vermiş üç hadisə bu münasibətləri bir qədər zəiflətdi. Birincisi, Rusiyanın 2008-ci ildə Gürcüstanı işğal etməsi faktına ABŞ-ın qeyri-müəyyən görünən cavabı olub. İşğaldan sonra Bakıdakı siyasətçilər Amerikanın regiondakı gücü və təsirini sual altına qoymağa başladılar və bunu etməkdə haqlı idilər. İkincisi, Rusiyanın Krımı ilhaq və şərqi Ukraynanı işğal etməsinə Qərbin reaksiyası olub. Bu, Bakını Qərblə münasibətlərinin dəyərini sual altına qoymağa vadar edib. Həm Gürcüstan, həm də Ukraynada baş vermiş hadisələr nəticəsində dünyanın güc və hakimiyyətə hörmət edildiyi bir hissəsində ABŞ və Qərbin zəif olduğu sezildi.

Son olaraq, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi, sonradan Azərbaycan və bu regionla əlaqələrinin kəsilməsi Bakıda çoxlarını ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlılıq mahiyyətini sual altına qoymağa vadar etdi. Bakıda belə bir fikir yaranıb ki, ABŞ Əfqanıstan müharibəsi ilə bağlı istədiyini əldə edib və indi onun artıq bir tərəfdaş kimi Azərbaycana ehtiyacı yoxdur. 11 sentyabr terror hücumlarından sonra Azərbaycan Amerika ilə uzunmüddətli əməkdaşlıq qurmağa çalışırdı, qoşunların Əfqanıstandan çıxarılması başlayanda və ABŞ bu regiondan geri çəkiləndə aydın oldu ki, ABŞ artıq bir zamanlar olduğu kimi, davamlı münasibət qurmaq marağında deyil.

ABŞ-ın Azərbaycanla münasibətlərinin qarşılıqlı təbiəti iki səbəbə görə bəsirətsiz olub: Birincisi, o, Bakıda belə bir fikir yaradıb ki, ABŞ istədiyini əldə edən kimi yoluna davam edəcək. İkincisi, ABŞ-ın regionda formalaşdırdığı xoşməramlı missiyasının təsiri zəifləyib və burada yenidən etimad qazanmaq daha çətin olacaq. ABŞ-ın Rusiya və İrana münasibətdə daha geniş strategiyaya malik olduğu üçün Azərbaycanın nə qədər mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, deyə bilərik ki, bunun gələcəkdə ABŞ-ın siyasəti üçün mənfi nəticələri olacaq.

Birtərəfli siyasət

Bu gün ABŞ-Azərbaycan münasibətləri regionda Amerikanın təsirinin azalmasının bəlkə də ən kəskin nümunəsidir. Bu, həmçinin, Vaşinqtonun apardığı və tamamilə ABŞ maraqlarına zidd olan birtərəfli xarici siyasətinin nümunəsidir. Doğru və ya yanlış, Bakıda belə bir rəy hakim kəsilib ki, Azərbaycan insan hüquqları məsələsində Qərb tərəfindən – xüsusilə də Avropa, eləcə də ABŞ tərəfindən davamlı olaraq tənqid atəşinə məruz qalır. Əksinə, Çin və Səudiyyə Ərəbistanının insan hüquqları sahəsindəki fəaliyyətinə münasibətdə demək olar ki, tam sükut saxlanılır. ABŞ-ın Azərbaycanla münasibətləri çoxşaxəli yanaşmadan ibarət olmalı, enerji, təhlükəsizlik, insan hüquqları və geosiyasi məsələləri özündə ehtiva etməlidir. İnsan hüquqları kimi yalnız bir məsələ ABŞ-Azərbaycan münasibətlərinin digər aspektlərini üstələməməlidir. Görünən odur ki, son zamanlar bu hal baş verib və hazırda ABŞ-Azərbaycan münasibətləri bundan əziyyət çəkir.

Bu münasibətlər üçün həll olunmalı başqa bir problemin tarixi 1992-ci ilə gedib çıxır. Həmin vaxt Vaşinqtonda təsirli erməni lobbisinin fəaliyyəti nəticəsində Konqres “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəlişi qəbul edib. Qısaca desək, 907-ci maddəyə düzəliş ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinin qarşısını alır və Azərbaycanı Ermənistanla apardığı müharibədə təcavüzkar kimi göstərir. Sonuncu məqam daha çox maraq kəsb edir. Nəzərə alsaq ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bir hissəsi kimi qəbul edilən 20 faiz torpaqları Ermənistanın işğalına məruz qalıb. Hazırda 620 mindən çox azərbaycanlı 1990-cı illərin əvvəllərində müharibə nəticəsində ölkə daxilində köçürülmüş şəxslər (məcburi köçkünlər) kimi təsnif edilir. Mən Bakı ətrafında yerləşən bəzi məcburi köçkün qəsəbələrində olmuşam. Evlərini, mülkiyyətini və əksər hallarda yaxınlarını itirmiş insanların ürək dağlayan hekayələrini eşitmişəm. 11 sentyabr hücumlarından sonra Corc Buş administrasiyası Azərbaycanın Əfqanıstanda (və daha sonra İraqda) keçirilən kampaniyada oynaya biləcəyi vacib rolu qəbul etdi. Hər il 907-ci maddənin qəbulundan imtina edildi. Beləliklə, bu maddənin tətbiqi dayandırıldı. Sevindirici haldır ki, bir sıra səbəblərə görə Buş administrasiyası kimi, Obama administrasiyası da 907-ci düzəlişin tətbiqindən imtina edir. Azərbaycan yeganə keçmiş sovet respublikasıdır ki, ona qarşı 907-ci maddəyə düzəliş kimi məhdudiyyətlər var. Hətta ən təsadüfi müşahidəçi də görə bilər ki, 907-ci maddənin mənbəyi müəyyən lobbi qruplarının siyasi motivlərindən irəli gəlir və ABŞ-ın regionda daha geniş strategiyası və ya məqsədləri ilə heç bir əlaqəsi yoxdur.

ABŞ-ın proseslərdə daha yaxından iştirak etməyinin vaxtıdır

İnkişaf edən demokratik ölkə kimi Azərbaycanda insan hüquqları ilə bağlı bəzi narahatlıqlar ola bilər. Lakin uzunmüddətli perspektivdə davamlı tənqid deyil, yalnız ABŞ-ın iştirakı ilə Bakını mükəmməl idarəetməyə doğru gedən yolda dəstəkləmək lazımdır. Demokratikləşmə bir prosesdir, tək bir tədbir deyil. Hətta Amerikanın özünün tarixinə ötəri baxış belə bunu sübut edir. ABŞ Azərbaycanla münasibət qurmaq üçün strategiya hazırlamalıdır. Bu strategiya dostluq və qarşılıqlı hörmət, iqtisadi rifah, enerji ehtiyatlarından səmərəli istifadəni təbliğ etməli və regionda artan Rusiya, İran və Çin təsirinin nəticələrini nəzərə almalıdır. ABŞ həm Azərbaycana yardım etmək, həm də ABŞ-ın regiondakı maraqlarını irəli çəkmək üçün çox şey edə bilər. Bunlar düzgün həyata keçirilərsə ABŞ-ın iştirakı hamı üçün uduşlu ola bilər. ABŞ-ın yenidən münasibət qurması ABŞ rəsmilərinin yüksək səviyyədə bir neçə simvolik səfəri ilə asanlıqla başlanıla bilər. Bu regionda münasibət qurmaq üçün ABŞ buraya daha çox kabinet səviyyəli rəsmilər göndərməlidir. Daha çox Konqresin nümayəndə heyətləri buraya səfər etməlidir. ABŞ-ın analitik və yaxud, beyin mərkəzləri və vətəndaş cəmiyyəti nümayəndələrinin səfərləri təşkil edilməlidir. Kabinet səviyyəsində Xəzər regionuna edilən ən son səfər sabiq dövlət katibi Hillari Klintonun 2012-ci ildə Cənubi Qafqaz turu olub. Bunu 11 sentyabr hadisələrindən sonrakı aylarla müqayisə etsək, həmin vaxt təkcə ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Azərbaycana dörd dəfə səfər edib.

İŞİD kimi qrupların baş qaldırdığı bir zamanda regionun tranzit ərazisinə çevrilməsinin və islam etkstremistlərinin burada tərəfdaş cəlb etmələrinin qarşısını almaq üçün ABŞ Azərbaycanla birgə işləməlidir. Buraya təhlükəsizlik sektorunda imkanların artırılması, ABŞ və Azərbaycan arasında kəşfiyyat məlumatlarının daha yaxşı mübadiləsi aid ola bilər. Bunu etməklə hər iki ölkənin təhlükəsizliyinin qorunmasına yardım etmək olar.

ABŞ Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi məsələsini beynəlxalq arenada gündəmə gətirməkdə daha böyük rol oynamalıdır. Vaşinqton, həmçinin, Yerevanın Rusiya və İranla yaxın münasibətlərinə diqqətlə yanaşmalıdır. ABŞ siyasətçiləri daha yaxşı anlamalıdır ki, Azərbaycan hökumətinin etdiyi hər bir hərəkətə Ermənistanın Dağlıq Qarabağı işğal etməsi prizmasından baxılmalıdır və nəzərə almalıdır ki, bu, Bakının xarici və daxili siyasətinin əsas aparıcı qüvvələrindən biridir. Dağlıq Qarabağla bağlı sülh danışıqları illərdir dayanıb və təəssüf ki, ABŞ hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün çox az şey edə bilər. Lakin bu məsələ ilə bağlı heç bir fikir bildirməmək hazırkı statusun qeyd-şərtsiz təsdiq edildiyini nəzərdə tutur. ABŞ münaqişənin sülh yolu ilə həllinə çağırış etməlidir. Bu həll yolu Ermənistan qüvvələrinin Azərbaycanın bütün ərazilərindən çıxarılmasını nəzərdə tutur.

Sonda ABŞ regionda bütün layiqli müttəfiqlərinə hərbi yardım və təhlükəsizliyini təmin etməlidir. ABŞ hökumətinin başqa ölkəyə hərbi yardım göstərmək qərarı Konqresdə lobbiçilik edən müəyyən qrupların təzyiqinə deyil, Amerikanın təhlükəsizlik maraqlarına əsaslanmalıdır. “Azadlığa Dəstək Aktı”nın 907-ci bölməsi bunun üçün ədalətsiz bir əngəldir.

Gələcəkdə bizi nə gözləyir?

Hazırda ABŞ, daha ehtiyatlı və regionda hansı rola malik olduğunu dərk edən bir Azərbaycanı qarşısında görür. Qlobal nöqteyi-nəzərdən Azərbaycan Qərb və Rusiya ilə olan münasibətləri arasında tarazlığı saxlamağa çalışır. Regional baxımdan isə, Azərbaycan Rusiya və İran arasında tarazlığı saxlamaqla, eyni zamanda mümkün olduğu qədər öz müstəqilliyini qorumağa çalışır. Azərbaycan Cənubi Qafqazda regional iqtisadi lider və Xəzər regionunda mühüm iqtisadi iştirakçı olmaqda davam edəcək. Düzgün siyasət yürüdülərsə, ABŞ-Azərbaycan münasibətləri hər iki ölkənin yaxşılığına eyni dərəcədə xidmət edə bilər.

Azərbaycan Qərbə doğru baxmaqda davam edəcək. Lakin, o, anlayır ki, ABŞ regiona gələ də bilər, buradan gedə də bilər, Rusiya və İran isə hər zaman burada qalmaqdadır. Buna görə də ABŞ Azərbaycanla münasibətlərinə davam etməlidir. Azərbaycanı öz qonşuları ilə yaxşı münasibətdə olmağa, həmçinin, Qərblə daha dərindən əməkdaşlığa diqqət yetirməyə sövq etməlidir.

Azərbaycan hər zaman bu regionun təhlükəsizliyi və iqtisadiyyatı üçün əhəmiyyətli rola malik olub. Böyük Pyotr 1723-cü ildə İranla müharibə nəticəsində Bakını zəbt edəndə, bu şəhəri regionda bütün işlərin açarı kimi təsvir edib. Günümüzdə də bu, ABŞ üçün eyni məna daşıyır. Əgər Vaşinqtonun dirçələn Rusiya və cəsarəti artmış İranla bağlı iş görmək və Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq və terrorizmə qarşı mübarizə aparmaq üçün böyük strategiyası olacaqsa, Vaşinqtondakı siyasətçilər bu regionu nəzərə almaya bilməz. Regional lider olan Azərbaycanı nəzərə almamaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR