Pirallahıda Xəzərin çirklənməsi ilə nəticələnən ekoloji pozuntu halları qeydə alınıb

Pirallahıda Xəzərin çirklənməsi ilə nəticələnən ekoloji pozuntu halları qeydə alınıb
# 15 avqust 2016 10:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Pirallahı adasının eyniadlı qəsəbəsində ətraf mühitin mühafizəsi istiqamətində keçirilən ekoloji monitorinq zamanı formalaşan tullantıların idarə edilməməsi müşahidə edilib.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilir.

Qeyd olunub ki, adada formalaşan tullantı suların nəqli üçün qurulmuş ötürücü xətlərin, nasosxanaların və Bioloji Təmizləyici Qurğunun (BTQ) təyinatı üzrə işləməməsi, sahil zolağında çirkab gölməçələrin yaranması, formalaşan bərk məişət tullantılarının ümumiyyətlə idarə edilməməsi, sahil zolağının və Xəzər dənizinin çirklənməsi ilə nəticələnən ekoloji pozuntu halları qeydə alınıb: “Pirallahı qəsəbəsində formalaşan tullantı suları mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmur. 2007-2008-ci illərdə ARDNŞ tərəfindən tullantı suların toplanması və nasoslar vasitəsi ilə təmizləyici qurğuya ötürülməsi üçün adada sahil xətti boyunca nasosxanalar inşa edilib. İnşa edilmiş nasosxanalar hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansındadır. Nasosxanaların iş prinsipi ərazidə formalaşan tullantı sularını qəbul edərək nasoslar vasitəsilə BTQ-yə yönəltməkdir. Lakin tullantı suları vaxtı-vaxtında BTQ-yə nəql edilmədiyindən nasosxanaların tullantı su qəbulu anbarından dənizə axıdılır”.

Bildirilir ki, anbarlardan axıdılan tullantı suları relyef boyu axaraq sahil zolağında süni tullantı su gölməçələri əmələ gətirərək sahil zolağının ekologiyasına mənfi təsir göstərir: “Belə ki, formalaşan süni gölməçələr yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq qismən quruyur. Bunun nəticəsində ətrafda üfunətli bataqlıqlar əmələ gəlir. Pirallahı qəsəbəsində 2008-ci ildə tullantı suların təmizlənməsi üçün istifadəyə verilmiş BTQ düzgün istismar edilmədiyindən və baxımsızlıqdan qısa müddət ərzində yararsız vəziyyətə düşüb, qurğunun aerotenkləri və çökdürücüləri sıradan çıxıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR