Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb
# 29 iyul 2016 10:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb. Fonddan APA-ya verilən məlumata görə, sərgilərdən biri “Partizanın izi ilə” adlanır.

Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilir. Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov atasının müharibə dövründə fransız partizanlarına qoşulmasından, Müqavimət Hərəkatının qəhrəmanı olmasından, Şarl de Qollun rəğbətini qazanmasından danışıb.

Azərbaycana aid sərgilərdən biri də “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql edirlər. Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi də təqdim olunur. Bir sözlə, burada Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilir.

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.

Mədəniyyət günləri çərçivəsində təşkil olunan sərgilər iyulun 31-dək Kann şəhərinin sakinləri və turistlər üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR