Bakıda nümunəvi dərslərin tədrisinə başlanılıb

Bakıda nümunəvi dərslərin tədrisinə başlanılıb
# 10 dekabr 2015 13:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakı şəhərindəki Texniki Humanitar Liseydə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərs tədris edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, A. Əzizov ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayıb.

Bildirilib ki, dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində “Nobel həftəsi” çərçivəsində dəyərli elmi tədqiqatlara, ixtiralara, mədəniyyət və cəmiyyətin inkişafındakı xidmətlərinə görə verilən “Nobel” mükafatının sahiblərinə təqdim ediləcəyini deyən akademik bu mükafata layiq görülən kimyaçı alimlər haqqında da şagirdlərə məlumat verib.

Nümunəvi dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak edib.

Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək.

Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi təhsil müəssisəsi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR