Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur

Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur
# 27 yanvar 2016 08:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, on ildə Azərbaycanın digər sferalarında olduğu kimi, mədəniyyət və turizm sahələrində də dinamik inkişafla müşayiət olunub, yaddaqalan uğurlar əldə edilib: “Bu illər ərzində sahənin inkişafı naminə Prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalanıb. Bu fərman və sərəncamlar nazirliyin fəaliyyət istiqamətini şərtləndirən, müəyyənləşdirən əsas amil olub, mədəniyyət və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirib. Mədəniyyətimizin inkişafından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Belə ki, həm ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə hesablanmış uğurlu addımları və tarixi xidmətləri danılmaz faktdır. Məhz Mehriban xanımın ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan muğamı, aşıq, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətləri, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı simvolizmi UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib, eləcə də görkəmli mədəniyyət və söz adamlarının yubileyləri beynəlxalq səviyyədə qeyd olunub. Bundan əlavə, Azərbaycanın möhtəşəm abidələri olan Qobustan Milli Tarix-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Mədəniyyətimizin müxtəlif sahələrinə nəzər salsaq görərik ki, teatr, kino, musiqi və digər sahələrdə müşahidə olunan inkişaf, əldə olunan nailiyyətlər düşünülmüş, gələcəyə hesablanmış mədəniyyət siyasətimiz olmasının göstəricisidir”.

Şöbədən əlavə ediblər ki, 10 il ərzində dünyanın müxtəlif ölkələri ilə mədəniyyət və turizm sahələrində ümumilikdə 70 beynəlxalq müqavilə imzalanıb. Müqavilələrdən 51-i mədəniyyət, 19-u isə turizm sahəsində əməkdaşlıq haqqındadır. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan üçün əməkdaşlıq baxımından prioritet hesab olunan bir sıra ölkələr arasında Hökumətlərarası Komissiyalar yaradılıb: “Mədəniyyət və Turizm Nazirliyi yarandığı ilk dövrdən başlayaraq kino sahəsinin inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, onların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Azərbaycan kinosunun son illərdə yüksəldiyi zirvəni, keyfiyyət və kəmiyyət fərqlərini bu rəqəmlər daha aydın göstərmək gücündədir. Belə ki, 2006-2015-ci illər ərzində 39 tammetrajlı bədii film çəkilib. Müqayisə üçün bildirək ki, 1996-2005 illər ərzində bundan 2,5 dəfə az – 16 film çəkilib. 1996-2005-ci illərdə 4 qısametrajlı bədii film çəkildiyi halda, son 10 ildə həmin formatda 48 film istehsal olunub. Əldə olunan uğurlar teatr sahəsindən də yan keçməyib. Bu illər ərzində teatrlarımız ABŞ, Hindistan, Gürcüstan, Ukrayna, Belarus, İsveç, Türkiyə, Rusiya, Özbəkistan, İran, Finlandiya, İsveçrə, Estoniya, Misir, Şri-Lanka, Bolqarıstan, Mərakeş, Polşa, Almaniya, Fransa, İtaliya, Avstriyada ümumilikdə 28 ölkədə qastrol səfərlərində olub”.

On il ərzində nazirlik turizm sahəsində də dinamik inkişafa nail olub. 2005-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 197 olduğu halda, bu gün onların sayı 285-i keçib. 2005-ci ildən bu günə qədər ölkədəki mehmanxanaların sayı 262-dən 535-ə, yerləşdirmə vasitələrində yerlərin sayı 22 492-dən 35 652-yə qədər artıb.

Azərbaycanda turizmin davamlı inkişafı beynəlxalq reytinqlərdə də özünü doğruldub. Dünya İqtisadi Forumunun (DİF) 2013-2014-cü illər üzrə “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda ölkəmiz insan resursları, əmək bazarı, təhlükəsizlik və əmin-amanlıq göstəricilərinə görə 141 ölkə arasında 36-cı, biznes mühitinə görə 65-ci yeri tutub.

Nazirlikdən əlavə ediblər ki, ötən dövr ərzində dövlət başçısı tərəfindən orden, medal və fəxri adlarla təltif olunmuş 836 nəfər mədəniyyət və incəsənət xadiminə təltif və mükafatlar təqdim edilib. Onlardan 19 nəfər “Şərəf” ordeni, 36 nəfər “Şöhrət” ordeni, 4 nəfər “Dostluq” ordeni, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 21 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 45 nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 69 nəfər “Xalq artisti”, 2 nəfər “Xalq rəssamı”, 76 nəfər “Əməkdar incəsənət xadimi”, 301 nəfər “Əməkdar artist”, 35 nəfər “Əməkdar rəssam”, 27 nəfər “Əməkdar müəllim”, 182 nəfər “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb, 9 nəfər isə “Fəxri diplom”la mükafatlandırılıb.

Bunlarla yanaşı, bu illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə mədəniyyət və turizm sahəsində səmərəli xidmətlərinə görə 183 əməkdaş “Fəxri mədəniyyət işçisi” və 26 əməkdaş “Fəxri turizm işçisi” döş nişanları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR