II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 12 oktyabr 2015 08:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin bağlanış və qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər Azərbaycanın bir çox beynəlxalq mədəniyyət, humanitar və idman tədbirlərinə ev sahibliyi etdiyini bildirib, artıq ikinci dəfə keçirilən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin də bu sırada özünə yer tutduğunu qeyd edib.

Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner müsabiqənin yüksək səviyyədə keçirildiyini vurğulayıb, Bakının memarlıq ənənələri və müasir memarlıq üslubu ilə daha yaxından tanış olmaq imkanı qazandığını diqqətə çatdırıb.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə isə II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi haqqında məlumat verib. E. Qasımzadə bildirib ki, müsabiqəyə qatılan ölkələrin sırası genişlənir, budəfəki müsabiqəyə 37 ölkədən 250-dək layihə təqdim olunub. Müsabiqəyə təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.

Sonda qaliblər elan olunub və mükafatlar təqdim edilib. Müsabiqə yeddi nominasiya üzrə keçirilib.

Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 52500 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR