“Təmiz Şəhər” idmançılar üçün zavodlara tur təşkil edib

“Təmiz Şəhər” idmançılar üçün zavodlara tur təşkil edib
# 10 avqust 2016 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Təmiz Şəhər” ASC idmançılar üçün Balaxanıda yerləşən tullantıların çeşidlənməsi (BMTÇZ) və tullantıların yandırılması (BMTYZ) zavodlarına, həmçinin Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə tur təşkil edib.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, cəmiyyət tərəfindən mütəmadi keçirilən maarifləndirici səfərdə bu dəfə stolüstü tennisçilər iştirak ediblər. İdmançılar hər iki zavodda iş prosesi ilə yaxından tanış olub, onlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi Tullantıların Çeşidlənməsi Zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır və xammal kimi təkrar emal zavodlarına göndərilir. Tullantının təkrar emala yararlı olmayan hissəsi isə yaxınlıqdakı yandırılma zavoduna göndərilir. Burada tullantılar yandırılaraq həcmi təxminən 10 dəfə azaldılır və elektrik enerjisi alınır.

Tur iştirakçılarına məlumat verilib ki, BMTYZ-də il ərzində hasil olunan elektrik enerjisi ilə Gəncə şəhərinin əhalisini ilboyu elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Daha sonra stolüstü tennisçilər Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə ekskursiya ediblər. Eksponatlarla tanış olan idmançıların diqqətinə çatdırılıb ki, buradakı sənət əsərləri ötən 4 il ərzində əcnəbi və yerli rəssamlar tərəfindən tullantılardan yaradılıb. Bununla rəssamlar bir daha sübüt ediblər ki, tullantılara ikinci həyat verməklə ekoloji təmizliyi qoruyub maddi gəlir əldə etmək, eləcə də mənəvi rahatlıq hiss etmək mümkündür.

Bakı şəhərində tullantıların zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC bu sahənin ölkədə inkişafı üçün daim maarifləndirici layihələr, aksiyalar keçirir. Bu işin bir hissəsi olan zavodlara mütəmadi turlar təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR