Azərbaycanın emal sənayesinin həcmi 8 mlrd. manata yaxınlaşır

Azərbaycanın emal sənayesinin həcmi 8 mlrd. manata yaxınlaşır
# 16 noyabr 2017 10:50 (UTC +04:00)

Azərbaycanın emal sənayesində yanvar-oktyabr aylarında 7 mlrd. 951,5 mln. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ölkədə mövcud olan sənaye parkları və məhəllələrinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 2017-ci ilin 9 ayı ərzində 113,3 mln. manatlıq, o cümlədən bərk polietilen borular, boruçuqlar şlanqlar, poladdan tikişsiz borular, boruçuqlar, içi boş profillər, mebel istehsal edilib və gəmilərin, qayıqların və sair üzən vasitələrin təmir işləri görülüb.

Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 6,6% azalma, qida məhsullarının istehsalında 0,9%, içki istehsalında isə 24,7% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 4,5%, kolbasa məmulatlarının istehsalı 43,8%, duru bitki yağlarının istehsalı 4%, marqarin istehsalı 13%, cem və marmeladların istehsalı 2%, pivə istehsalı 29,5%, alkoqolsuz içkilərin istehsalı 3,6% artıb, qənd və şəkər tozu istehsalı isə 46,5% azalıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 218,1 mln. manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 68,4%, geyim istehsalında 36,2% artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 9,9% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR