BNA Bakının Nəqliyyat Planının hazırlanması üzərində iş aparır

BNA Bakının Nəqliyyat Planının hazırlanması üzərində iş aparır
# 17 noyabr 2016 16:40 (UTC +04:00)

Bakının Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli, millət vəkili Azay Quliyev, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Nəcəf Quliyev, həmçinin Bakı Nəqliyyat Agentliyinin müvafiq şöbələrinin müdirləri və Binəqədi rayonu üzrə bələdiyyə sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə görüş keçirilib.

BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Binəqədi rayonunda qəsəbədaxili yolların mövcud vəziyyətinin həmin ərazilərdə müasir sərnişin avtobuslarının normal fəaliyyətinə imkan verməməsi ilə bağlı problemlərin operativ aradan qaldırılmasının zəruriliyini vurğulayan A. Quliyev bildirib ki, müvafiq dövlət qurumları arasındakı mövcud bürokratik baryerlər məsələlərin çevik həll edilməsinə maneələr yaradır.

“Məhz bürokratik əngəllər səbəbindən qaynaqlanan bu kimi yubanmalar sonda vətəndaşın ümumi dövlət qurumlarından narazı qalmasına səbəb olur. Bunun üçün də yol-nəqliyyat infrastrukturu və ictimai nəqliyyatla bağlı vətəndaş müraciətlərinə daha çevik reaksiya verilməsi üçün müvafiq dövlət qurumları arasında koordinasiyalı işin qurulması vacibdir”, - deyə o vurğulayıb.

V. Kərimli isə bildirib ki, şəhərətrafı sərnişindaşıma xidməti, qəsəbədaxili yolların vəziyyəti, həmin yollarda nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkəti ilə bağlı BNA mühüm tədbirlər həyata keçirir, vətəndaşlardan daxil olan müraciətlər də mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda daxil olan vətəndaş müraciətləri ilə bağlı aparılan təhlillər onların subyektiv mövqedən qaynaqlandığını vurğulayan V. Kərimli marşrut xətlərinin hərəkət sxemi, eləcə də hər hansı bir marşrut xəttinin açılması, bərpası və ya dəyişdirilməsinin yalnız bir rayona deyil ümumi şəhərin nəqliyyat şəbəkəsinə uyğun icra edilməli olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

“Hazırda paytaxtın ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması icra edilməkdədir. Bu gün Bakı şəhərində, o cümlədən Binəqədi rayonunda bir neçə dayanacaq fərqi ilə bir-birini təkrarlayan marşrut xətləri mövcuddur ki, bu da yollarda tıxacların yaranmasına, sərnişin axınının idarəedilməz hal almasına səbəb olur. Optimallaşdırma tədbirlərindən sonra isə bu çatışmazlıqlar aradan qaldırılacaq. Bakı Nəqliyyat Agentliyi müasir meqapolisə çevrilən paytaxtın sistemli və sürətli inkişafına cavab verən Nəqliyyat Planının hazırlanması üzərində iş aparır”, - deyə V. Kərimli qeyd edib.

V. Kərimli pilot layihədə qarşıya qoyulan problemlərə operativ şəkildə müdaxilə edilməsi üçün işçi qrupunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, işçi qrupuna BNA-nın, rayon icra hakimiyyətinin, bələdiyyələrin və yerlərdə fəaliyyət göstərən digər xidmət strukturlarının nümayəndələri daxil olacaq. Qərara alınıb ki, işçi qrupunun səmərəli fəaliyyətini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlansın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR