Mədəniyyət və Turizm Nazirliyi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Mədəniyyət və Turizm Nazirliyi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur
# 02 sentyabr 2015 15:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Moskvada XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərgi yarmarkada 400-dən çox rus, 30-dan çox xarici dövlətin nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatları iştirak edirlər.

1987-ci ildən hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 5 gün ərzində 500-dən artıq tədbir, məşhur şair, yazıçı, kitab sahəsinin mütəxəssisləri ilə görüşlərin keçirilməsi planlaşdırılıb.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və iştirakı ilə milli nəşrlərimiz - 350-ə yaxın adda kitab nümayiş etdirilir. Nümayiş olunan kitablar əsasən Azərbaycanın dövlətçiliyinə, kitab sənətinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağ probleminə həsr olunub.

Sərgi günləri ərzində ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən broşür və bukletlər paylanılacaq.

Açılış günündə milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib milli nəşrlərlə yaxından tanış olublar.

Qeyd olunub ki, sərgidə qonaq ölkə İrandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR