SMPDK yeni qida və metrologiya laboratoriyalarının təqdimatını keçirib

SMPDK yeni qida və metrologiya laboratoriyalarının təqdimatını keçirib
# 06 aprel 2018 11:03 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakının Nərimanov rayonunda yeni istifadəyə verilmiş qida və metrologiya laboratoriyalarının təqdimatı keçirilib.

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, son illər ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğun inkişaf etdirilməsi üçün zəruri işlər aparılır. Maddi-texniki baza gücləndirilib, laboratoriyalarda çalışan işçilərin peşəkarlığı yüksəldilib və laboratoriya nəticələrinin beynəlxalq tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilib.

Azərbaycan Standartlaşdırma İnstitutunun Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının imkanları haqqında məlumat verilərək bildirilib ki, burada bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının müxtəlif parametrlər üzrə sınaqları aparılır. Laboratoriya milli akkreditasiyadan keçməklə yanaşı, Almaniya Akkreditasiya Qurumu tərəfindən də akkreditasiya olunub. Bu isə laboratoriya tərəfindən verilən sınaq protokollarının Avropa Birliyi ölkələrində tanınması, bununla da yerli məhsulların ixrac imkanlarının genişlənməsini təmin edir. Qida laboratoriyasında istifadə olunan avadanlıqlar Almaniya, Avstriya, Yaponiya, Rusiya, Türkiyə, ABŞ kimi ölkələrin istehsalıdır.

Genetik modifikasiya olunmuş məhsulların sınağı laboratoriyasında qida məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərin həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinin təyini həyata keçirilir. Laboratoriyada mövcud olan avadanlıqlar vasitəsilə zəncirvari reaksiya metodu ilə heyvan ətlərinin mənşəyini də təyin etmək mümkündür. Həmçinin Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye məhsullarının sınağı laboratoriyasında pambıq mahlıcı, tibbi higroskopik pambıq, texniki pambıq çiyidi, ipliklər, parçalar, tibbi gigiyenik bint, trikotaj parçalar və məmulatlar, gön dəri, dəri məmulatları, ayaqqabılar, oyuncaqlar, kosmetik vasitələr, uşaq bezləri, uşaqların qidalanması üçün qablar, butulkalar, əmziklər və digər yüngül sənaye məhsullarının sınaqlarının aparıldığı bildirilib.

Təqdimat zamanı Azərbaycan Metrologiya İnstitutunun Elektrotexniki ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında yüksək dəqiqlikli çox funksiyalı kalibratorlar və multimetrlər vasitəsi ilə elektrotexniki ölçmə vasitələrinin, Fiziki-kimyəvi və optiki fizika ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında ph-metr, konduktometr, nümunəvi qaz qarışıqları, standart məhlullar və kalibratorlar vasitəsilə fiziki-kimyəvi və optiki fizika ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işlərinin həyata keçirildiyi qeyd olunub. Həndəsi və mexaniki ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında yüksək dəqiqlikli çoxfunksiyalı ölçü avadanlıqları vasitəsilə həndəsi və mexaniki ölçmə vasitələri, Kütlə ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında müxtəlif ölçmə həddinə malik kütlə komparatorları və elektron tərəzi vasitəsilə kütlə ölçmə vasitələri, Radiotexniki və ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında faza kalibratoru, multivoltmetrlər, universal voltmetrlər, ossilloqraflar və digər ölçmə avadanlıqları vasitəsilə radiotexniki və ölçmə vasitələri yoxlanır. Temperatur ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında termostatlar, temperatur kalibratoru, platin müqavimət termometr və digər ölçmə avadanlıqları vasitəsilə temperatur ölçmə vasitələri, Təzyiq, sərf və həcm ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında müxtəlif diapazonlarda yüksək dəqiqlikli təzyiq kalibratorları, rəqəmsal manometrlər, həcm ölçmələri üçün analitik tərəzi və digər nümunəvi ölçmə vasitələri ilə təzyiq, sərf və həcm ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işlərinin həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, tibb və diaqnostika, sənaye, nəqliyyat və rabitə, kənd təsərrüfatı və digər sahələrdə tətbiq edilən ölçmə vasitələrinin yoxlanması məqsədilə laboratoriya mərkəzində hər cür şərait yaradılıb. Bu laboratoriyaların sayının artırılması, həmçinin regionlarda mövcud laboratoriyaların imkanlarının genişləndirilməsi məqsədilə işlər davam etdirilir.

Sonra texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafı ilə bağlı aparılan işlərə həsr olunan mətbuat konfransı keçirilib. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru Namiq Tağıyev bildirib ki, ölkədə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilib. Texniki tənzimləmə və standartlaşdırma sahəsində köklü islahat xarakterli iki qanun və dövlət proqramı layihəsi hazırlanıb. Standartlaşdırma İnstitutunun İSO-da, Metrologiya İnstitutunun Çəkilər və Ölçülər üzrə Beynəlxalq Təşkilatda tamhüquqlu, Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatında və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatda assosiativ üzvlüyü təmin edilib.

N. Tağıyevin sözlərinə görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması məqsədilə işlər sürətləndirilib. Yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsində sertifikatlaşdırmanın əhəmiyyətindən danışan N. Tağıyev bildirib ki, sertifikatlaşdırma prosesi standartlar, digər norma və qaydalara uyğunluğun qiymətləndirilməsindən ibarət olmaqla, son nəticədə istehsal və xidmət sahələrində qabaqcıl təhlükəsizlik və keyfiyyət meyarlarının tətbiqinin təsdiqidir. Sertifikatlaşdırmanın məqsədi əhalinin sağlamlığı, həyatı, əmlak və ətraf mühit üçün təhlükəsiz və keyfiyyətli məhsul istehsalını təmin etməkdir. Sertifikatlaşdırma istehlakçılara məhsulun səriştəli seçilməsində köməklik göstərmək və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda, habelə beynəlxalq ticarətdə iştirakı üçün münbit şərait yaratmaqdadır. N. Tağıyev qeyd edib ki, sertifikatlaşdırılmış məhsul və xidmətlər son nəticədə həm yerli istehlakçılar arasında, eyni zamanda xarici ticarətdə etimad qazanmış olur.

Beynəlxalq təcrübə haqqında danışan baş direktor müasir dövrdə xüsusilə inkişaf etmiş ölkələrdə məhsula verilmiş sertifikatın istehlakçılar üçün güvən, etimad və şübhəsizlik meyarı kimi qəbul edildiyini deyib. Sahibkarlar məhsul və xidmətlərini sertifikatlaşdırmaqla istehsalat prosesində şəffaflığı, standartların təhlükəsizlik və keyfiyyət meyarlarına sadiqliyini, o cümlədən bunun qiymətləndirilməsini həyata keçirən subyektlərə açıqlığını bəyan etmiş olur.

Qanunvericiliyə əsasən ölkəmizdə uyğunluğun qiymətləndirilməsi fəaliyyətini Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları həyata keçirir. Hazırda ölkədə akkreditasiya olunmuş 199 sınaq laboratoriyası, 39 kalibrləmə laboratoriyası, məhsul və xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən 12 orqan fəaliyyət göstərir. Eyni zamanda, uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan orqanların səriştəliliyini və akkreditasiya meyarlarına uyğunluğunun davamlılığını qiymətləndirmək məqsədilə Akkreditasiya Mərkəzi tərəfindən dövrü inspeksiya həyata keçirilir.

N. Tağıyev onu da bildirib ki, hazırda Avropa Birliyi tərəfindən həyata keçirilən Tvinninq layihəsinin yekununda Avropa Akkreditasiya Təşkilatının Tanınma Sazişinə qoşulması gözlənilir. Bu isə istehsal olunan məhsulların təhlükəsizliyi və keyfiyyətinə zəmanət sənədi sayılan uyğunluq sertifikatlarının xarici ölkələrdə tanınmasını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR