BNA: Əlillərin və uşaq arabası ilə olanların rahat hərəkəti üçün əlverişli infrastruktur yoxdur

BNA: Əlillərin və uşaq arabası ilə olanların rahat hərəkəti üçün əlverişli infrastruktur yoxdur
# 01 dekabr 2017 10:01 (UTC +04:00)

"Bakı şəhərinin nəqliyyat infrastrukturunu əlilliyi olan şəxslər üçün əlçatan etmək, bu kateqoriyadan olan vətəndaşlarımızın digər hərəkət iştirakçıları kimi rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək Bakı Nəqliyyat Agentliyinin (BNA) önəm verdiyi əsas məsələlərdəndir".


"APA-Economics" xəbər verir ki, bunu BNA-nın mətbuat katibi Mais Ağayev "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər, perspektivlər" mövzusunda konfransda çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, Bakının dinamik inkişaf edən simasına uyğunlaşdırılmasına nail olmaq üçün BNA kompleks tədbirlər həyata keçirməkdədir: "Agentliyin strateji fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə paytaxtın ümumi nəqliyyat sisteminə dair mövcud vəziyyət hərtərəfli təhlil edilib. Aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı optimal həll variantları işlənib. Yüksək ixtisaslı yerli və xarici mütəxəssislərin birgə hazırladığı optimal həll variantları qabaqcıl beynəlxalq təcrübəyə, ən əsası isə elmi və məntiqi əsaslara istinadən hazırlanıb. Bakı şəhərində yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə aparılan təhlillərin nəticəsinə əsasən deyə bilərik ki, bu gün paytaxtımızda fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli ictimai nəqliyyat və əlverişli memarlıq mühiti, yəni infrastruktur yoxdur. Bu sahədə mövcud vəziyyəti öyrənmək məqsədi ilə BNA-nın mütəxəssisləri ilkin olaraq paytaxtın mərkəzi hissəsini əhatə edən 5 rayonu üzrə 88 küçə və prospektdə monitorinqlər aparıb. Monitorinqin əhatə dairəsinə daxil olan hər bir rayon üzrə bütün yollar ayrı-ayrılıqda nəzərdən keçirilib, səkilərin vəziyyəti öyrənilib, çatışmazlıqlar qeydə alınıb. Araşdırma nəticəsində səkilərdə və eyni səviyyəli piyada keçidlərində 534, müxtəlif səviyyəli yeraltı piyada keçidlərində isə 32 ədəd pandus çatışmayan nöqtələr müəyyən edilib", - deyə qurumu rəsmisi vurğulayıb.

Qurum rəsmisi bildirib ki, piyada keçidlərində və səkilərdə pandusların quraşdırılması yol infrastrukturunun fiziki imkanları məhdud şəxslər üçün əlçatanlılığını təmin edəcək: "Bundan əlavə, yaşlı və xəstə insanların, uşaqlı piyadaların daha rahat hərəkəti üçün şərait yaradacaq. Yol infrastrukturunun fiziki imkanları məhdud şəxslər üçün əlçatanlığı onların cəmiyyətdə daha aktiv sosial rol əldə etmələrinə təkan verəcək. Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təklif edilən panduslar beynəlxalq standartlara uyğunlaşdırılmış, xüsusi sürüşməyən və görmə qüsurlu insanların da istifadə edə biləcəyi materiallardan hazırlanacaq. 421 pandusun zəruri olan prosedurlarına başlanılıb. Artıq qeyd edilən panduslardan "Sovetski" layihəsi çərçivəsində salınan yollarda quraşdırılıb. Bu layihə çərçivəsində ümumilikdə 17 piyada keçidində 34 pandus quraşdırılıb. Panduslarla yanaşı bu ərazidə xüsusi düymə və səs gücləndirici ilə təchiz edilmiş işıqforlar da quraşdırılıb. Bu da əlilliyi olan şəxslərin həmin yollarda rahat, maneəsiz və təhlükəsiz hərəkəti baxımından zəruri addım hesab olunur".

Əlilliyi olan şəxslərin müntəzəm marşrut avtobuslarından da istifadəsinə gəlincə M.Ağayev bildirib ki, bu gün paytaxtın inzibati ərazisində fəaliyyət göstərən 16 marşrut xətti üzrə 321 ədəd avtobusda bu kateqoriyadan olan sərnişinlərin maneəsiz istifadəsi üçün şərait yaradılıb.

"Təbii ki, bu sahədə mövcud vəziyyət bizi qane etmir və müsbətə doğru dəyişiklik edilməsi üçün agentliyimiz tərəfindən zəruri tədbirlər görülməkdədir. Daşıyıcılar qarşısında qoyulan əsas tələblərdən biri də odur ki, yeni alınıb gətirilən avtobuslar əlilliyi olan şəxslərin də istifadəsi üçün uyğun olmalıdır. Belə ki, avtobuslarda əlilliyi olan şəxslərin üçün arabaların və uşaq arabaların giriş-çıxışı üçün mexanizm olmalıdır. Eyni zamanda xəttə buraxılan avtobusun daxilində əlilliyi olan şəxslər üçün xüsusi yerin olması da tələblərimiz də öz əksini tapıb. Əlilliyi olan şəxslərin paytaxtımızda keçirilən mötəbər idman tədbirləri zamanı təşkil edilən ekspress xətt avtobusları ilə daşınması da BNA tərəfindən lazımi səviyyədə yerinə yetirilib. Əlilliyi olan şəxslərin taksi xidmətindən istifadə edə bilmələri də hər zaman diqqətdə saxlanılıb. Bu gün Bakı şəhərində 500 ədəd taksi minik avtomobilində əlillərin istifadəsi üçün mexanizmlər mövcuddur", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR