Dövlət başçısı Beynəlxalq Memarlar İttifaqının prezidentini qəbul edib

Dövlət başçısı Beynəlxalq Memarlar İttifaqının prezidentini qəbul edib
# 29 mart 2018 12:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Beynəlxalq Memarlar İttifaqının prezidenti Bakıda gördükləri inkişaf və gözəlliyin onlarda dərin təəssürat hissi yaratdığını deyib və ilk növbədə, paytaxtımızın arxitekturasını uğurla himayə etdiyinə görə prezident İlham Əliyevə minnətdarlığını və təbriklərini çatdırıb.

Tomas Vonier bildirib ki, səfərin əsas məqsədi Beynəlxalq Memarlar İttifaqının Bakıda keçirilən büro iclasında iştirak etməkdir. O deyib ki, Beynəlxalq Memarlar İttifaqının bu tədbirin Bakıda təşkili ilə bağlı 134 üzv ölkə içərisindən Azərbaycanı seçməsi rəhbərlik etdiyi qurumun ölkəmizə verdiyi böyük önəmin göstəricisidir.

“Bakı çox gözəl şəhərdir” deyən Tomas Vonier həmkarlarının ilk dəfə burada olduqlarını və gördüklərindən heyran qaldıqlarını vurğulayıb. Bakı Bulvarının, şəhərdəki işıqlandırmanın xüsusi gözəlliyə malik olduğunu qeyd edən qonaq bütün bu inkişaf proseslərinin təcrübə mübadiləsi baxımından böyük maraq doğurduğunu deyib.

Dövlət başçısı Bakının xeyli sayda tarixi abidələrə malik qədim bir şəhər olduğunu qeyd edərək bütün bunların milli sərvətimizin bir hissəsini təşkil etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu baxımdan, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin böyük memarlıq dəyərinə malik olduğunu bildirərək deyib ki, əsas məqsəd bu tarixi irsi qorumaqla bərabər, yeni inşa edilən müasir binaların şəhərin tarixi hissəsi ilə həmahəngliyini təmin etməkdən ibarət idi. Bu məqsədə demək olar ki, nail olduğumuzu qeyd edən prezident İlham Əliyev, eyni zamanda, şəhər əhalisinin daha yaxşı həyat şəraitinin və istirahətinin təmin edilməsinin də əhəmiyyətini vurğulayıb, Bakıda ictimai zonaların yaradılması ilə bağlı böyük işlərin görüldüyünü deyib. Bakı Bulvarının inkişafına toxunan Prezident İlham Əliyev bu tarixi arxitektura nümunəsinin 100 il bundan öncə inşa edildiyi zaman uzunluğunun 3,5 kilometr olduğunu bildirərək hazırda bulvarın uzunluğunun 16 kilometrə çatdığını, əhalinin və qonaqların ən sevimli istirahət yerlərindən birinə çevrildiyini məmnunluqla vurğulayıb.

Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinin ölkəmizə səfərinin önəmini qeyd edən prezident İlham Əliyev qonaqların şəhərimizin inkişafı ilə bağlı rəylərinin öyrənilməsi, eyni zamanda, onların ölkəmizlə daha yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını bildirib.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier Azərbaycan prezidentinin birbaşa himayəsi altında Bakıda həyata keçirilən inkişaf proseslərinin bir nümunə olduğunu qeyd edib. Quruma üzv ölkələrdən olan memarların Bakıya səfəri zamanı çox şey öyrənə biləcəklərinə ümid etdiyini deyən Tomas Vonier paytaxtımızın bu baxımdan uğurlu məkan olduğunu bildirib. Bakının tarixi irsin müasirliklə uzlaşdırılmasının gözəl nümunəsi olduğunu deyən qonaq vurğulayıb ki, əfsuslar ki, bu cür gözəlliklərə malik olan şəhər haqqında dünyada bir o qədər də geniş məlumat yoxdur. Tomas Vonier rəhbərlik etdiyi qurumun “Əhəmiyyətli memarlıq və mədəni irsə malik şəhərlərdə turizmin təsiri” adlı beynəlxalq forumunun 2019-cu ildə Bakıda keçirilməsinin bu baxımdan əhəmiyyətli olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR