Barama istehsalçılarına 428 min manat subsidiya veriləcək

Barama istehsalçılarına 428 min manat subsidiya veriləcək
# 31 iyul 2017 13:26 (UTC +04:00)

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 85 nömrəli qərarı ilə təsdiq edilmiş "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası"na əsasən barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə 26 iyul 2017-ci il tarixində Respublika Komissiyasının növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, iclasda barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 12 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin və rayon komissiyasının təqdim etdiyi sənədlərə baxılmış və 898 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 85559,11 kq yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 427 min 795,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon komissiyasına göndərilib.

Respublika Komissiyasının keçirilən iclaslarında ümumilikdə 21 rayon (şəhər) üzrə 1386 istehsalçıya 133503,62 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 667 min 518,1 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Ölkədə barama istehsalı ilə məşğul olan 31 rayondan qalan 10 rayon üzrə sənədlər Respublika Komissiyasına təqdim edildikdən sonra barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın miqdarına görə subsidiyanın verilməsi məsələsinə komissiyanın iclasında qısa müddətdə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR