FHN: Keçən il baş verən 120 yanğın hadisəsinin əsas səbəbi siqaretdən qaynaqlanıb

FHN: Keçən il baş verən 120 yanğın hadisəsinin əsas səbəbi siqaretdən qaynaqlanıb
# 07 sentyabr 2017 15:57 (UTC +04:00)

“Azərbaycanda baş verən yanğınların cəmi 4-5%-i təbii faktorlarla bağlıdır. Yanğınların baş verməsində əsasən insan amili dayanır. Buna görə də demək olar ki, hər gün respublikada orta hesabla 5-6 yanğın hadisəsi baş verir. Yanğınların 70%-i yaşayış sektorunda qeydə alınıb. İkinci yerdə isə nəqliyyat sahəsi dayanır”. APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı Nizami Fərəcov Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında yanğından mühafizə qaydalarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elektrik qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması əsas səbəblərdən biridir. Nazirliyin əməkdaşı vurğulayıb ki, buna görə də qeyri standart elektrik cihazlarından istifadə etmək, elektrik cihazlarını işlək vəziyyətdə nəzarətsiz qoymaq, hətta təhlükəsiz hesab edilən telefon adaptrlarından tutmuş, bütün elektrik cihazlarına qədər yanğın törədən amillərdir: “Ona görə də evdən bayıra çıxarkən mütləq elektrik cihazları şəbəkədən ayrılmalı və qaz cihazları söndürülməlidir. Bu qaydalara tək evdə deyil, istənilən müəssisədə çalışan hər bir əməkdaş əməl etməlidir. Keçən il baş verən 120 yanğın hadisəsinin əsas səbəbi siqaretdən qaynaqlanıb”.

Yanğın söndürən cihazların əhəmiyyətindən danışan N. Fərəcov ondan istifadə qaydasının bütün insanların bilməsinin və hər evdə bu cihazın olmasının vacibliyini vurğulayıb.

Daha sonra FHN əməkdaşları tərəfindən klinika əməkdaşlarına yanğın söndürən cihazdan istifadə qaydası ilə bağlı təlimatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR