ABŞ-ın vitse-prezidenti: "Rahib Branson buraxılmasa, Türkiyəyə sanksiya tətbiq olunacaq"

ABŞ-ın vitse-prezidenti: "Rahib Branson buraxılmasa, Türkiyəyə sanksiya tətbiq olunacaq"
# 26 iyul 2018 16:40 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) Türkiyədə həbsdən ev dustaqlığına buraxılan amerikalı rahib Endryü Bransonun (Andrew Brunson) tam azad olunmasını tələb edib.

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, M. Pens din xadiminin azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq olunacağını bildirib.

“Həbsxanadan buraxıldıqdan sonra rahib Bransonla telefon əlaqəsi saxladım. Həbsxanadan çıxsa da, bu din adamı ev dustağıdır. Tamamən sərbəst buraxılmasına və ABŞ-a geri dönməsinə nail olmaq üçün prezidentin və bütün rəhbərliyin çalışmağa davam edəcəyi barədə ona təminat verdim”, - deyə M. Pens qeyd edib.

Qeyd edək ki, iyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Endryü Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.

M. Pens ilə eyni kilsəyə etiqad edən yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatına üzv olmasa da, təşkilatın maraqları naminə cinayət törətməkdə ittiham edilir. Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biridir. ABŞ rəhbərliyi - şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens dəfələrlə Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər ediblər. Son olaraq ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni "F-35" hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR