Tiflisdə Amerikada yaşayan azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Tiflisdə Amerikada yaşayan azərbaycanlı alimin kitabının təqdimatı keçirilib
# 09 noyabr 2016 20:15 (UTC +04:00)

Tiflisdəki Simon Canaşiya adına Gürcüstan Milli Muzeyində ABŞ-dakı Yell Universitetinin professoru, azərbaycanlı alim və ictimai xadim Firuz Kazımzadənin "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" kitabının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimində gürcü tarixçi alimlər, azərbaycanlı və gürcü ictimaiyyət nümayəndələri, QHT təşkilatları, azərbaycanlı tələbələr, beynəlxalq təşkilatların rəhbərləri və jurnalistlər iştirak edib.

Təqdimat mərasimini Milli Muzeyin direktor müavini Mişa Tsereteli açaraq görkəmli alim, azərbaycanlı Firuz Kazımzadənin həyat yolu və yaradıcılığı, elmi əsərləri barədə Tiflis ictimaiyyət nümayəndələrinə və elm adamlarına, tarix üzrə mütəxəssislərə ətraflı məlumat verib. Tədbirdə tarix elmləri doktoru Laşa Bakradze, Fransadan gələn alim və tarix elmləri doktoru Giorgi Mamulia Firuz Kazımzadənin kitabı haqqında maraqlı və əsaslı elmi fikirlər dolu çıxışlar ediblər. Natiqlər azərbaycanlı alimin qələmə aldığı əsəri yüksək qiymətləndiriblər.

Tədbirdə Firuz Kazımzadə "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" kitabını 27 yaşında yazdığı bildirilib: “Bu kitab 1951-ci ildə "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunub. Kitab yenidən Bakıda Qafqaz Strateji Araşdırmalar İnstitutu tərəfindən 2010-cu ildə rus dilində çıxıb. Sonra alimin daha bir kitabı 2004-cü ildə Moskvada rus dilində "İranda nüfuz uğrunda mübarizə. Rusiya və İngiltərə diplomatik qarşıdurma" başlığı ilə nəşr olunub. Onun daha bir kitabı 1974-cü ildə "Böyük İvandan inqilabadək rus imperializmi" adı ilə nəşr olunub. Firuz Kazımzadə 43 yaşında Yell Universitetinin professoru tituluna layiq görülüb.”

"Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" kitabı dünyanın hegemon ölkələrinin Qafqazda qarşı-qarşıya gələn strateji maraqları və XX əsrin əvvəlində müstəqilliklərini itirmiş üç Zaqafqaziya respublikasının taleyinə həsr edilib və regionda baş verən hadisələri dəqiqliklə göstərib. Kitab 430 səhifədən ibarətdir və 1000 tirajla nəşr olunub. Müəllif əsəri İranda diplomat işləyən atasına və anasına ithaf edib. Kitabda verilən şəkillər Azərbaycanın və Gürcüstanın muzeylərindən, gürcü və Azərbaycan yazıçılarının, Əlimərdan bəy Topçubaşovun Parisdəki arxivindən götürülüb.

Kitabın tərcüməçisi Keti Kantaria və gürcü dilində ön söz müəllifi tarixçi Laşa Bakradze və elmi redaktoru Giorgi Mamuliadır. Əsər Gürcüstan Milli Kitab Mərkəzinin və Qafqaz İnkişaf Fondunun maliyyə dəstəyi ilə nəşr olunub. Qeyd edək ki, 92 yaşlı Firuz Kazımzadə 1924-cü ildə Moskvada anadan olub, hazırda Amerikada yaşayır. O, 1946-cı ildə Stenford Universitetini fərqlənmə ilə bitirib, 1950-ci ildə isə Harvard Universitetində incəsənət magistri və tarix elmləri doktoru alimlik dərəcəsini müdafiə edib.

Tarix elmləri doktoru, Fransanın Sosial Araşdırmalar Ali Məktəbinin doktoru Giorgi Mamuliya APA-ya açıqlamasında Firuz Kazımzadənin gürcü dilində Tiflisdə nəşr olunan "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" kitabının gürcü xalqına və oxucu auditoriyasına böyük hədiyyə olduğunu bildirib: “Düşünürəm ki, müəllif kitabında Zaqafqaziyada baş verən hadisələri obyektiv qələmə alıb. Müəllif kitabda azərbaycanlıların və gürcülərin sıx əlaqələri barədə fikirlərini də yazıb. Biz bilirik ki, 1919-cu ilin iyun ayında Müdafiə Alyansı və Gürcüstan və Azərbaycan respublikaları arasında qarşılıqlı kömək müqaviləsi sənədləri imzalanıb. Kitabdan məlum olur ki, bizim xalqlarımız nə qədər yaxın və regional əməkdaşlıq ediblər. Kitabda bildirilib ki, həmin illərdə Ermənistan ümumi Qafqaz əməkdaşlığına qatılmayıb. Ermənistan ilk vaxtlar Denikin ordusuna güvənib, sonra bolşeviklərlə əməkdaşlıq edib və Vahid Müstəqil Qafqazın azadlığını dəstəkləməyib və bu da sonralar faciəvi nəticələrə səbəb olub. Bunun nəticəsidir ki, Qırmızı Ordu 1920-1921-ci illərdə ilk olaraq Azərbaycanı, sonra isə Gürcüstanı işğal edib. Kitabın Qafqaz regionunun tarixindən bəhs etməsi ən mükəmməl hissələrdən biridir. Fikrimcə, F. Kazımzadənin kitabı çox maraqlıdır və oxucuların, gürcü mütəxəssislərin, Zaqafqaziyanın problemlərini öyrənən tarixçilərin 1917-1921-ci illəri araşdırmaq üçün stolüstü kitabı olacaq,” redaktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR