“ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək

“ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək
# 30 noyabr 2017 14:28 (UTC +04:00)

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanı təqdim edəcək.

Teatrın rejissoru Nihat Qulamzadənin APA-ya verdiyi məlumata görə, kollektiv Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan yeni səhnə əsərini dekabrın 19-da Opera və Balet Teatrında nümayiş etdirəcək: “Tamaşada teatrımızın on nəfər aktyoru çıxış edəcək. Əsas rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev oynayacaqlar. Konsertmeyster isə Fidan Babayevadır. Layihədə multimediya işlərini Eltac Zeynalov həyata keçirəcək. Səhnə əsərində rəssam işini isə teatrımızın baş meneceri Nicat Qulam təşkil edəcək”.

Nihad Qulamzadə əlavə edib ki, layihənin həyata keçirilməsində Amerikanın Azərbaycandakı səfirliyi maliyyə dəstəyi göstərir: “Fürsətdən istifadə edib Amerikanın Azərbaycandakı səfirliyinə təşəkkürümüzü bildiririk ki, bizə bütün məsələlərdə maliyyə dəstəyi göstərir. Bundan başqa səfirlik bizə təkcə maliyyə yardımı etmir, həm də fəaliyyətimizi yaxından izləyir, bizə mənəvi köməklik göstərir”.

Qeyd edək ki, ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında müstəqil şəkildə təsis edilib. Qısa zamanda yaranmasına baxmayaraq, teatr artıq iki fərqli səhnə əsəri təqdim edib və xeyli sayda tamaşaçı sevgisi qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR