Azərbaycanda qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsinə başlanıb

Azərbaycanda qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsinə başlanıb
# 28 avqust 2017 09:53 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilib.

Səhiyyə Nazirlyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sorğu hazırda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən Bakı, Sumqayıt şəhərləri və Xızı rayonu ərazisində keçirilir.

Ümumilikdə isə Səhiyyə Nazirliyinin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçilib. Sorğuların keçirilməsinə ölkənin bütün şəhər və rayonlarının icra hakimiyyəti orqanları və rayon mərkəzi xəstəxanaları, poliklinikaları xüsusi dəstək göstərir. Bu gündən başlayaraq 10 qrupdan ibarət (hər qrupda 1 həkim və 1 tibb bacısı) intervüyerlər komandası Bakı, Sumqayıt və Xızı əhalisinə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amillərini öyrənir. Sorğu zamanı iştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunur. Daha sonra respondentdən biokimyəvi nümunələrin analizi, qan nümunəsi və sidik nümunəsi götürülür. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılır. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənilir və onlayn rejimində sorğunun müşahidəçiləri tərəfindən nəzarətdə saxlanılır.

Cari ilin oktyabrın ortalarınadək keçiriləcək STEPS-2017 sorğusu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün mühim addım olacaq. İndiyədək bu sorğu ÜST tərəfindən ümumilikdə 104 ölkədə aparılıb. Azərbaycanda isə QİX üzrə ilk araşdırma 2011-cı ildə Dünya Bankının maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL), Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı ilə “Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma” adı altında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR