Milli Məclisdə AŞPA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə AŞPA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib
# 14 sentyabr 2017 16:25 (UTC +04:00)

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov görüşün tarixi bir gündə keçirildiyini vurğulayıb.

O qeyd edib ki, bu gün Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan yeni saziş “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsini 2050-ci ilə qədər uzadır: “Dünya dövlətlərinin liderləri bu münasibətlə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlayaraq sazişin əhəmiyyətini yüksək dəyərləndiriblər”.

Son vaxtlar ölkəmizə qarşı artan qara piar kampaniyasının əsl məqsədinin Azərbaycanın iqtisadi qüdrətini zəiflətmək, həmçinin işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların işğalını legitimləşdirmək olduğunu vurğulayan komitə sədri bu fikirlərini təsdiq edən faktları – Avropada fəaliyyət göstərən erməni təşkilatlarının yaydıqları press-relizi AŞPA-nın həmməruzəçilərinə təqdim edib.

Sonra S. Seyidov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennakla Sezar Florin Predanın hazırladıqları məruzəyə dair fikirlərini açıqlayıb. O, Avropa Şurasının bir sıra ölkələrə münasibətdə sərt mövqe tutmasının yolverilməz olduğunu deyib. S. Seyidov bildirib ki, həmin ölkələrin AŞ-dan uzaqlaşdırılması Avropa Şurasının özünün dağıdılması deməkdir: “Bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır”.

Hazırladıqları məruzə AŞPA-da təsdiqləndikdən sonra Azərbaycana gəldiklərini deyən S. Şennak bildirib ki, məqsəd sənədi plenar iclasa təqdim etməzdən öncə məruzədəki müddəaları yerindəcə müzakirə etməkdir. Sonra görüşdə Sezar Florin Preda fikirlərini bölüşüb.

Söhbət zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR