“Əlilliyi olan şəxslər iş dünyasında” adlı tədbir keçirilib

 “Əlilliyi olan şəxslər iş dünyasında” adlı tədbir keçirilib
# 28 noyabr 2019 11:08 (UTC +04:00)

Noyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Britaniya Şurasının (British Councel) birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslər iş dünyasında” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, nazir müavini Anar Kərimov və beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir diqqətə çatdırıb ki, bu cür tədbirlərin keçirilməsi əhəmiyyətlidir. O Azərbaycanda görülən işləri yüksək dəyərləndirib: "Əlilliyi olan şəxslərin işə götürülməsini təşviq etmək baxımından özəl və dövlət qurumları ilə əlaqələrin yaradılması vacibdir. Bu kimi tədbirlər cəmiyyətdə əlillərə qarşı təsəvvürlərin dəyişməsinə xidmət edir. Azərbaycanda hələ də əlil şəxslərin müəyyən tədbirlərə, mehmanxanalara getməsi üçün infrastruktur baxımından çətinliklər var. Məşğulluq xidmətlərinin artırılmasına ehtiyac duyulur. Bu, əlil şəxslərin işlə təminatına imkan yaradacaq".

Daha sonra çıxış edən A. Kərimov qeyd edib ki, əlillik Azərbaycanda həmişə həssas mövzu olub. Onun sözlərinə görə, mövzunu daim gündəmdə saxlamaq ölkə başçısının diqqətindədir: "Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına daim önəm verilir. Əlilliyin meyarlarının tətbiqi gələn ildən istifadəyə veriləcək".

Nazir müavini qeyd edib ki, sosial inteqrasiya və məşğulluq siyasətinə xüsusi diqqət yetirilməlidir: "1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə il ərzində xeyli sayda əlil şəxs müraciət edib və peşə qabiliyyətinin artırılması üçün imkanlar qazanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR