Oqtay Əsədov ATƏT PA sədri ilə görüşüb

Oqtay Əsədov ATƏT PA sədri ilə görüşüb
# 08 sentyabr 2017 15:23 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, spiker bildirib ki, ATƏT-in əsas funksiyalarından biri qitədə təhlükəsizliyin təmin olunması, münaqişələrin aradan qaldırılmasıdır: “Bu baxımdan biz göstərilən istiqamətlər üzrə qurumun Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsini önəmli hesab edirik”.

O. Əsədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun yaradılmasına baxmayaraq, ötən 25 il ərzində münaqişənin həlli istiqamətində gözlənilən nəticənin əldə edilməyib: “Bu hal Azərbaycan ictimaiyyətində Minsk qrupuna olan inamı getdikcə azaldır. Bizdə belə bir təsəvvür yaranıb ki, qrupda təmsil olunan böyük dövlətlər münaqişə bölgəsində status-kvonun saxlanılmasında və müharibənin yenidən alovlanmamasında maraqlıdırlar. Ancaq onlar unudurlar ki, bu hal sonsuza qədər davam edə bilməz. Ermənistandan başqa bütün dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Dünyanın digər bölgələrində münaqişələr baş verən zaman işğalçıya qarşı sanksiyalar qəbul olunur. Ona lazımi təzyiqlər göstərilir. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana münasibətdə biz bunu görmürük. Əvəzində isə cəbhə xəttində mülki insanlar, qocalar və uşaqlar qətlə yetirilir. Ötən ilin aprelində Azərbaycanın Ermənistanın təxribatına verdiyi cavab bir daha göstərdi ki, biz münaqişəni başqa vasitələrlə də həll edə bilərik. Ancaq biz öz beynəlxalq öhdəliklərimizə sadiqiq. Problemin sülh yolu ilə, ədalətli həllinə inanırıq. Azərbaycan Avropa İttifaqının üzvləri və təşkilatın özü ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Azərbaycana zorla hansısa sənədi qəbul etdirmək mümkün deyildir. Ermənipərəst təşkilatlar və ölkəmizi istəməyən qüvvələr müxtəlif vasitələrlə bizə təzyiqlər göstərməyə cəhd edirlər. Bu çirkin əməllər bu gün də davam edir. Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yolundan döndərə bilməz”.

Kristin Muttonen ölkə prezidenti ilə ən müxtəlif istiqamətlər üzrə - Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, təhsil, qədim İpək yolunun bərpası və digər məsələlərlə bağlı aparılan müzakirələri, Milli Məclisdə həmkarları ilə keçirdiyi görüşləri yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri təşkilatın işində fəallıq göstərir, yeni-yeni qərar və qətnamə layihələri, ideyalarla çıxış edirlər: “Onların verdikləri təkliflər Assambleya üzvləri tərəfindən maraqla qarşılanır.

Daha sonra qonaq Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat verib. Kristin Muttone münaqişənin ədalətli həllinə nail olunması üçün zəruri danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR