Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub
# 19 dekabr 2019 12:58 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

APA-nın məlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, millət vəkili Sona Əliyeva, qeyri-hökumət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər iştirak ediblər.

Anar Kərimov bildirib ki, mərkəzdə müasir tələblərə uyğun istehsal, qəbul və xidmət şəraitinin yaradılması, eyni zamanda, yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması Prezident İlham Əliyevin əliliyi olan şəxslərə xüsusi qayğısının təzahürüdür: "Hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi var. Həmin müəssisələrin müasir tələblərə uyğun qurulması işləri də geniş vüsət alıb. Yeni müəssisə 60 çarpayıdan ibarətdir, eyni zamanda Gəncədə 10 çarpayılıq filialı da fəaliyyət göstərəcək. Gələcəkdə 1500 vətəndaşa stasionar, 500-dən artıq vətəndaşa isə ambulator xidmət göstəriləcək".

A. Kərimov deyib ki, Mərkəzin istehsal sahəsində müxtəlif protez-ortopedik məhsullar (protez, ortez, korset, ortopedik ayaqqabı, protez ayaqqabı və s.) hazırlanır: "Bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 13607 nəfər əlilliyi olan şəxsi 35,5 minə yaxın reabilitasiya vasitəsi, o cümlədən 1920 əlil arabası ilə təmin edib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionarlarında isə 732 şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu il müəssisənin əməkdaşları bölgələrdə yaşayan, Bakıya gələ bilməyən 800-dək əlilliyi olan şəxsə ehtiyac duyduqları 4 minə yaxın reabilitasiya vasitəsini yaşadıqları şəhər və rayonlara, hətta evlərinə aparıb təqdim ediblər".

Nazir müavini bildirib ki, Protez-Ortopedik Bərpa Mərkəzində müasir tələblərə uyğun şərait yaradılmaqla, avadanlıqlar, həmçinin tibbi və reabilitasiya aparatları yenilənib: "Eyni zamanda, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən, Mərkəzdə Almaniyanın “Ottobock” şirkəti ilə əməkdaşlıq şəraitində layihələndirilməklə, yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub. Burada yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin hazırlanması işləri aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR