Azərbaycan Beynəlxalq Bankı "SWIFT gpi" sisteminə qoşulub

Azərbaycan Beynəlxalq Bankı "SWIFT gpi" sisteminə qoşulub
# 27 dekabr 2019 10:21 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) qlobal ödənişlərdə tətbiq etdiyi yeni inkişaf standartlarından olan "SWIFT gpi" sisteminə qoşulub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu sistem beynəlxalq köçürmələr zamanı fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını təmin edir.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bu yeniliyin beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük üstünlük olduğunu bildirib: "Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirmələrinə gərək yoxdur. Müasir bankçılıq həllərindən olan "SWIFT gpi" sistemi beynəlxalq hesablaşmaları müştərilərimiz üçün asanlaşdırır. Yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri bu sistemin yeni imkanlarından da istifadə edə biləcəklər".

Xatırladaq ki, "SWIFT gpi" ölkələrarası ödənişlərin sürətini, şəffaflığını və köçürmə zamanı mərhələlərin izlənməsini artırmaqla, xaricə olan ödənişlərdə müştərilərə daha yaxşı xidmət göstərmək üçün yaradılan məhsuldur. Hazırda dünya üzrə 290-a yaxın bank bu məhsuldan istifadə edir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının ölkədə 37 filialı və 39 şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR