Rusiya XİN Azərbaycan prezidentinin Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə biləcəyinə dair bəyanatına münasibət bildirib

Rusiya XİN Azərbaycan prezidentinin Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə biləcəyinə dair bəyanatına münasibət bildirib
# 27 oktyabr 2016 14:26 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məlum bəyanatının danışıqlar prosesinə təsiri ilə bağlı ona ünvanlanan suala belə cavab verib: "Həmin bəyanatda əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir. Ona görə də tərəflər razılığa gəlməlidir".

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR