“İstedadlı əlillər” İctimai Birliyi günərzi xidmət mərkəzində görüş keçirib

“İstedadlı əlillər” İctimai Birliyi günərzi xidmət mərkəzində görüş keçirib
# 29 noyabr 2019 13:24 (UTC +04:00)

“İstedadlı əlillər” İctimai Birliyinin yaranmasının 6 illiyi və 3 dekabr - Beynəlxalq Əlillər günü münasibəti ilə Sumqayıt şəhərində fəaliyyət göstərən günərzi xidmət mərkəzində görüş keçirilib.

Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin, dövlət və QHT nümayəndələri iştirak ediblər.

Qonaqlar Mərkəzdə aztəminatlı ailələrin uşaqları üçün yaradılan şəraitlə tanış olublar.

Tədbirin açılışında Dövlət himni səsləndirildikdən sonra “İstedadlı əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov təşkilatın fəaliyyəti barədə geniş məlumat verib və rəhbərlik etdiyi layihə haqqında öz fikirlərini bölüşüb.

O qeyd edib ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi xidmət mərkəzinin fəaliyyət göstərilməsindən bəhs edir.

Layihənin məqsədi 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətlərinin göstərilməsi, həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, Mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi, çətin həyat şəraitində olan ailələrin mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılması və onların sosial xidmətlərə çıxışının təmin edilməsi, layihə müddətində Sumqayıt şəhərində yaşayan azı 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarətdir.

Sonra DSMF–nin Sumqayıt şöbəsinin əməkdaşı Şüküfə Behbudova, Abşeron şöbəsinin əməkdaşı Minəvər Cabbarova və “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova sosial xidmət mövzusunda çıxış ediblər.

Tədbir Mərkəzin fəaliyyətinə cəlb olunan uşaqların iştirakı ilə təşkil olunan musiqi və əyləncə proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR