Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edir

Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edir
# 20 noyabr 2016 14:42 (UTC +04:00)

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci sessiyasında ölkəmizi təmsil edir.

Dövlət Dəniz Administrasiyasından APA-ya verilən məlumata görə,Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən baş qərargahında keçirilən sessiya noyabrın 25-dək davam edəcək.

Sessiyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dəniz mühitinin mühafizəsi, gələcəkdə dəniz qəzalarının qarşısının alınması, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu halları ilə mübarizəyə dair ümumi müzakirələr aparılacaq. Sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Maye qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə”yə, “Dayanıqlılığa dair Beynəlxalq Məcəllə”yə və dəniz nəqliyyatı sahəsi üzrə bir sıra digər mühüm sənədlərə təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi də planlaşdırılır.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirəcək. İkitərəfli görüşlərdə qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatı BMT-nin ixtisaslaşmış agentliyidir. Azərbaycan 1995-ci ildən Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR