Azərbaycanın regionlarında turizmin inkişafı üçün böyük potensial var.
APA xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Soave bildirib ki, Azərbaycanda turizmin inkişafı yalnız tanınmış istiqamətlərlə məhdudlaşmamalı, ölkənin digər şəhər və regionlarının da turizm imkanları genişləndirilməlidir.
O qeyd edib ki, Azərbaycanın tarixi şəhərləri, yaşayış məntəqələri, mədəni landşaftları, meşələri, dağları və zəngin multikultural irsi turizm və investisiya baxımından mühüm imkanlar yaradır.
UN-Habitat rəsmisinin sözlərinə görə, infrastruktur layihələri bu məkanların əlçatanlığını artırır və yeni investisiya imkanları yaradır. Onun fikrincə, düzgün şəhərsalma və ərazi planlaşdırması hansı ərazilərdə və hansı miqyasda tikintiyə icazə veriləcəyini, hansı ərazilərin isə qorunmalı olduğunu müəyyənləşdirmək baxımından vacibdir.
“Azərbaycanda turizmin inkişafı yalnız tanınmış istiqamətlərlə məhdudlaşmamalıdır. Ölkənin tarixi şəhərləri, yaşayış məntəqələri, mədəni landşaftları, meşələri, dağları və zəngin multikultural irsi turizm və investisiya baxımından mühüm imkanlar yaradır”, - o deyib.
O bildirib ki, turizm layihələrinin yerli əhalinin həyatına və icmalara fayda verməsi vacibdir. Məkanların yalnız turistlər üçün nəzərdə tutulmuş ərazilərə çevrilməsi qısamüddətli gəlirlər yarada bilər, lakin həmin məkanın uzunmüddətli dəyərini zəiflətmək riski daşıyır.