Bolqarıstan AES tikintisində Rusiyanın köməyindən imtina edib

Bolqarıstan AES tikintisində Rusiyanın köməyindən imtina edib
# 29 mart 2012 11:15 (UTC +04:00)
Bakı - APA-Economics. Bolqarıstan “Belene” atom elektrik stansiyasının (AES) tikintisindən imtina edib. “APA-Economics”in yerli mətbuata istinadən xəbərinə görə, bu qərar Bolqarıstan hökumətinin iclasından sonra açıqlanıb.

Bolqarıstan maliyyə nazirinin müavini Vladislav Qoranov bildirib ki, AES-in tikilməsi planlaşdırılan ərazidə qazla işləyən istilik elektrik stansiyası tikiləcək. Rusiyanın “Atomstroyeksport” şirkəti tərəfindən hazırlanmış reaktor isə ölkədə fəaliyyət göstərən yeganə AES-də - “Kozloduy”da quraşdırılacaq.

Bu gün Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Delyan Dobrev Moskvaya səfər edərək, Rusiyanı “Belene” AES-in tikintisindən imtina etdikləri barədə rəsmən məlumatlandıracaq.

Nazirlər Kabinetinin müvafiq qərarını Bolqarıstan prezidenti Rosen Plevneliyev də dəstəkləyib. Onun sözlərinə görə, layihə maliyyə səmərəliliyi baxımından ölkə üçün birmənalı əhəmiyyət daşımır: “Bizim üçün prioritet vəzifələr enerji effektivliyinin yüksəldilməsi və enerji mənbələrinin diversifikasiyasıdır. “Belene” AES isə bu problemləri həll etmir”.

Xatırladaq ki, “Belene” AES-in tikintisi üzrə tender 2005-ci ildə elan edilib. Tenderin qalibi Rusiyanın “Atomstroyeksport” şirkəti olub və tərəflər arasında müvafiq sazişlər imzalanıb. Lakin Bolqarıstanda ölkə rəhbərliyinin dəyişməsi rəsmi Sofiyanın AES tikintisi planlarına yenidən baxması ilə nəticələnib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR