Almatıda Aralı Xilasetmə Beynəlxalq Fondunu təsis edən Mərkəzi Asiya dövlət başçılarının zirvə sammiti öz işinə başlayıb

Almatıda Aralı Xilasetmə Beynəlxalq Fondunu təsis edən Mərkəzi Asiya dövlət başçılarının  zirvə sammiti  öz işinə  başlayıb
# 28 aprel 2009 10:53 (UTC +04:00)
Almatı. Ləman Ağayeva-APA. Bu gün Almatıda Aralı Xilasetmə Beynəlxalq Fondunu təsis edən Mərkəzi Asiya dövlət başçılarının zirvə sammiti öz işinə başlayıb. APA-nın Qazaxıstandakı müxbirinin məlumatına görə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan alimlər, ekspertlər, ekoloqların iştirak etdiyi sammitdə Aralın xilası üçün hövzə ətrafında olan ekoloji mühit, Aral hövzəsinin yenidən dirçəlməsi və Aral ətrafında yaşayan insanların sağlamlıqlarının qorunması barədə müzakirələr aparılıb. Görüşdə fondun fəaliyyəti və nizamnaməsinə əsasən idarə heyətinin, təftiş komissiyasının formalaşdırılması, bu sahədə dövlətlər arası əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlarla, maliyyə strukturu və donor təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, Aralın xilası üçün nəzərdə tutulan işlərin görülməsinə qlobal böhran mane ola bilməz. Onun sözlərinə görə, Aralın problemlərinin araşdırılmasına Beynəlxalq Asiya Bankı, Avropa İttifaqı və bir çox donorlar qoşulub. Qırğızıstan və Türkmənistan prezidentləri arasında su məsələləri ilə bağlı yaranan mübahisəli məsələyə görə sammitdə yekun sənədi qəbul olunmayıb. Qeyd edək ki, Aralı Xilasetmə Beynəlxalq Fondu 1993-cü ildə Mərkəzi Asiya dövlət başçılarının qərarı ilə yaradılıb. Fondun təsisçiləri Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR