Səfurə Əlizadə “Eurovision” müsabiqəsinin tarixini öyrənir - FOTOSESSİYA

Səfurə Əlizadə “Eurovision” müsabiqəsinin tarixini öyrənir  - <font color=red>FOTOSESSİYA </font>
# 01 aprel 2010 09:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. May ayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə müsabiqənin rəsmi saytına (www.eurovision.tv) müsahibə verib. APA-nın məlumatına görə, saytda Azərbaycan təmsilçisinin ingilis dilini zəif bildiyi və tərcüməçiyə ehtiyac duyduğu qeyd olunub. Belə ki, S. Əlizadə “Eurovisiov.tv”nin ingilis dilində verilən suallarını ana dilində cavablandırıb. S. Əlizadə hazırda ingilis dili üzərində ciddi çalışdığını bildirib: “Mən ingilis dili üzərində ciddi işləyirəm. Ümid edirəm ki, may ayında bu dili tam başa düşəcəyəm. İndi deyilənlərin böyük hissəsini başa düşsəm də, danışmağa çətinlik çəkirəm. Ancaq bu, məni narahat etmir. Çünki öz üzərimdə çalışıram”.

Azərbaycanda “Eurovision” müsabiqəsinə böyük əhəmiyyət verildiyini vurğulayan S. Əlizadə ictimaiyyətin müsabiqəyə marağının da çox böyük olduğunu deyib: “2008-ci ildən biz bu müsabiqədə iştirak edirik. Elə həmin ildən etibarən bu müsabiqəyə marağım yaranıb. Xalqımızın müsabiqəyə marağını nəzərə alıram və çalışacağam ki, ölkəmi bacardığım qədər yaxşı təmsil edim. Bəziləri bu durumda öz üzərlərində təzyiq hiss edirlər. Amma məndə bu durum fərqlidir, o qədər çox işləyirəm ki, vaxt azlığı məni bu cür fikirlərdən yayındırır”.

İsveçdə xoreoqrafiya və vokal dərsləri aldığını söyləyən Azərbaycanın “Eurovision” təmsilçisi vətəndə çox az vaxt keçirdiyini də əlavə edib. Hazırda Ukraynada olan ifaçının təbliğatı aparılır və digər hazırlıqlar görülür. Eyni zamanda S. Əlizadə müsabiqədə ifa edəcəyi “Drip drop” mahnısına videoklip çəkildiyini açıqlayıb: “Mahnının seçimində iştirak etməmişəm, amma bu mahnının seçilməsi məni çox sevindirdi. “Drip drop” həqiqətən hərtərəfli mahnıdır, bu mahnının seçilməsi mənim qərarım olmayıb, ancaq bu mahnı ilə çıxış edəcəyimi biləndə çox sevindim. Mahnının ifası da mənə ayrıca rahatlıq verir”.

Müsahibədə Səfurə Əlizadənin Azərbaycanda keçirilən “Yeni ulduz” müsabiqəsində qalib gəldiyi və məhz bundan sonra ictimaiyyətin diqqətini cəlb etdiyi bildirilib: “Bu müsabiqədə qalib gəldikdən sonra “Eurovision”un milli seçimlərinə hazırlaşmağa başladım. Ölkəmizi iki il müddətində təmsil edən Elnur və Samir, Araş və Ayselin pərəstişkarıyam”.

Artıq 55-ci dəfə keçiriləcək “Eurovision” müsabiqəsinin tarixindən çox da məlumatlı olmayan Azərbaycan təmsilçisi hazırda müsabiqənin tarixini də öyrənməyə çalışır: “Vaxtım olanda “Eurovision”un tarixini öyrənirəm. Osloya gedəndə artıq bunları biləcəyəm”.

Qeyd edək ki, may ayında keçiriləcək və 55 illik yubileyi qeyd olunacaq “Eurovision” müsabiqəsində Azərbaycan Səfurə Əlizadənin ifasında “Drip drop”la təmsil olunacaq və II yarımfinalda 16 ölkə ilə birgə finala çıxmaq uğrunda mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR