Azərbaycanda kiçik məbləğli sığorta çəkişmələrini Sığorta Ombudsmanı araşdıracaq

Azərbaycanda kiçik məbləğli sığorta çəkişmələrini Sığorta Ombudsmanı araşdıracaq
# 29 oktyabr 2010 12:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda sığorta şirkətləri ilə sığortalılar arasında mübahisələrin araşdırılması və işlərin məhkəməyədək həll olunması məqsədilə Sığorta Ombudsmanının yaradılması planlaşdırılır. Bu, hökumətin 2011-ci il üçün makroiqtisadi siyasətinin əsas istiqamətlərində nəzərdə tutulub.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov «APA-Economics»ə bildirib ki, bu, xüsusilə fiziki şəxslər, eləcə də kiçik məbləğli sığorta işləri üçün çox əlverişli olacaq. Çünki araşdırmalar göstərib ki, kiçik məbləğlərə görə mübahisə yarananda müştərilər adətən məhkəməyə müraciət etmirlər: «Çünki işin məhkəmədə araşdırılmasının özü vaxt və müəyyən vəsait tələb edir, burada vəkil xərci və s. lazım olur. Sığorta Ombudsmanı isə bu məsələni tamamilə ödənişsiz araşdırır». Bu məsələləri tənzimləmək üçün Ombudsmanın araşdıracağı sığorta mübahisələrinin məbləği ilə bağlı müəyyən hədd qoyulacaq.

Xatırladaq ki, Sığorta Ombudsmanı institutu maliyyə-sığorta sistemi inkişaf etmiş ölkələrdə çoxdan tətbiq olunur. Bəzi ölkələrdə sığorta ombudsmanının vəzifələrini maliyyə ombudsmanı həyata keçirir. Praktikaya görə, Sığorta Ombudsmanı sığorta şirkətləri ilə onların fiziki şəxs olan müştəriləri arasındakı mübahisələrin məhkəmədən kənar və ya məhkəməyə qədər həlli ilə məşğul olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR