Bu ilin yanvar ayının nəticələrinə görə, Azərbaycan rusiyalı turistlər üçün ən populyar 10 xarici istiqamətlərdən biri olub.
"APA-Economics" xəbər verir ki, bu barədə "OneTwoTrip" onlayn səyahət xidmətinin hesabatında bildirilir.
Xidmətin analitikləri yanvar ayı ərzində edilən sifarişləri ötən ilin dekabr ayı ilə təhlil edərək ən populyar ölkələri müəyyən ediblər.
Rusiyalı turistlər üçün mövcud olan xarici istiqamətlər arasında sifarişlərin ən çoxu Şri-Lankaya olub, bu istiqamətdə uçuşlar 193% artıb. Bu ölkədə giriş üçün bir sıra ciddi qaydaların olmasına baxmayaraq, bir çox insanı qışda bu istiqamət daha çox cəlb edib.
Yanvarda Maldiv adalarına uçuşlar üçün sifarişlərin payı dekabra nisbətən 126% artıb.
Üçüncü yerdə İsraildir. Bu ölkə Rusiyadan peyvənd edilən turistləri buraxmağa başladığı üçün təyinat yerinə tələbat 110% artıb.
Həmçinin, yanvarda rusiyalı səyahətçilər üçün əlçatan olan istiqamətlər arasına populyar istiqamətlər sırasına Monteneqro (sifarişlərin payı 104% artıb), Gürcüstan (+67%), Tailand (+61%), Birləşmiş Ərəb Əmirlikləri (+37%), Türkiyə (+26%), Azərbaycan (+18%) və s. yer alıb.