Qarabağda gördüklərim məni heyrətləndirdi, hər şey yenidən qurulur.
APA xəbər verir ki, bunu beynəlxalq səyyahlarla birgə Qarabağda səfərdə olan Belçikadan olan səyyah Patrick Vaselis deyib.
O bildirib ki, bu, onun Azərbaycana artıq altıncı səfəridir: “Bizim ailəmiz çox səyahət edir. Valideynlərim, həyat yoldaşım və övladlarım da Azərbaycanda səfərdə olublar. Mənim ölkənizə ilk səfərim 1994-cü ildə olub, sonuncu dəfə isə 2021-ci ildə gəlmişəm”.
Səyyah Qarabağda müşahidə etdiyi dəyişikliklərdən dərin təəssürat keçirdiyini qeyd edib: “İşğaldan sonra buralar tamamilə dağıdılmışdı. İndi isə demək olar hər şey yenidən qurulur".
Belçikalı səyyah əlavə edib ki, beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hər zaman qəbul edib: “Gələcəkdə də Qarabağa səfər etməyi planlaşdırıram. Tikinti və infrastruktur layihələri başa çatdıqdan sonra ora səfər etmək daha da asan olacaq”.
Patrik Vaselis deyib ki, onun üçün Qarabağın ən maraqlı və təsirli məkanı Şuşadır.