Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar - FOTO

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar - FOTO
# 06 noyabr 2023 09:29 (UTC +04:00)

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Zəfər günü ərəfəsində dünya şöhrətli “NomadMania” beynəlxalq səyyahlar qrupu işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edib.

Beynəlxalq səyyahlar qrupu unikal tarixi abidə sayılan Xudafərin körpüsündə olub.

Səyyahlara Xudafərin körpüsü barədə, həmçinin, Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Qeyd edək ki, heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır.Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis şəxsən başçılıq edir.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.

Budəfəki səfər noyabrın 4-də başlayıb. Səyyahlar artıq Şuşa və Ağdamda olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR