Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasında əlaqələr genişlənəcək

Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasında əlaqələr genişlənəcək
# 02 dekabr 2016 14:45 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Nyu-York şəhərinin əhaliyə görə ən böyük rayonu olan Bruklinin yerli hakimiyyət rəhbəri Erik Adams ilə görüşüb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya bildirilib ki, görüşdə 2014-cü ildən qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, bu məqsədlə birgə atılacaq addımlar müzakirə olunub. E. Adams Bakıda olarkən hazırda Bruklində yaşayan Azərbaycan yəhudiləri ailəsi tərəfindən ölkəmizdə olan sinaqoqlardan birinə Tövratın hədiyyə edilməsi mərasimində iştirak etdiyini bildirib, Azərbaycanın tolerant və sülhpərvər cəmiyyət olduğunu vurğulayıb.

E.Adams iki rayon arasında əməkdaşlığın inkişaf potensialından danışaraq universitet tələbələri və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda birgə proqramların təşkilini təklif edib.

E. Əzizov bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib, Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə yaxından tanış olduğunu qeyd edərək Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün olduğunu diqqətə çatdırıb.

Azərbaycanın ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov Bruklin rəsmilərinə münaqişə barədə məlumat verərək, Azərbaycan ərazisinin 20%-in indiyədək Ermənistan tərəfinin işğalı altında olduğunu, Ermənistanın bu torpaqların azad edilməsi barədə beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR