Tərcümə Mərkəzinin müşaviri Yunanıstan Mədəniyyət Fondunun koordinatoru ilə görüşüb

Tərcümə Mərkəzinin müşaviri Yunanıstan Mədəniyyət Fondunun koordinatoru ilə görüşüb
# 12 noyabr 2014 12:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. XXXIII Beynəlxalq İstanbul Kitab Fuarı günlərində Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn Yunanıstan Mədəniyyət Fondunun koordinatoru Nopi Chatzigeorgiou ilə görüşüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı Tərcümə Mərkəzinin fəaliyyəti ilə maraqlanan N.Chatzigeorgiou bildirib ki, Azərbaycanda tərcümə işi ilə məşğul olan rəsmi təşkilatın yaradılması müsbət haldır.

N.Chatzigeorgiou qarşılıqlı əlaqələr, ortaq layihələr və əməkdaşlıq barədə də danışıb: “Biz yunan mədəniyyətinə və ədəbiyyatına aid kitabların dünyada və Azərbaycanda yayılmasına maraqlıyıq. İstərdik ki, Azərbaycanda bu işləri birbaşa həyata keçirən Tərcümə Mərkəzi ilə əməkdaşlıq edək. Yunanıstanda tərcümələrin maliyyələşdirilməsi proqramı məhz bu cür layihələri həyata keçirmək üçün yaradılıb. Bu proqramda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin iştirak etməsi həm Tərcümə Mərkəzi, həm də bizim üçün səmərəli olar”.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi məsələləri, tərcümə sahəsinə aid elmi konfransların təşkili və hər iki təşkilatın profilinə uyğun digər maraqlı layihələr müzakirə edilib.

N.Chatzigeorgiou Tərcümə Mərkəzini mayın 7-dən 10-dək keçiriləcək XII Saloniki Kitab Yarmarkasına qatılmağa dəvət edib və burada Mərkəzin nəşrlərinin nümayiş olunmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR