Azərbaycanın baş konsulu Los Anceles radiosuna müsahibə verib

Azərbaycanın baş konsulu Los Anceles radiosuna müsahibə verib
# 24 may 2016 08:30 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən və geniş dinləyici kütləsinə malik “LA Talk Live” radiosunun 19 may tarixli canlı efirində Azərbaycan musiqisinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına həsr olunmuş proqram yayımlanıb. Verilişin aparıcıları tanınmış çello ifaçısı, Qlendeyl Filarmoniya Orkestrinin yaradıcısı Ruslan Biryukov və San Bernardino Simfonik Orkestrinin dirijoru Frank Fettadır. Bu peşəkar musiqiçilərin təqdimatında efirə verilmiş proqramda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev əsas qonaq qismində çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, diplomat, milli musiqi sənətimizin tarixindən bəhs edərək xüsusilə Azərbaycanın klassik musiqi janrı haqqında danışıb. Dünya musiqi tarixində Azərbaycanın bir sıra yeniliklərə imza atdığını vurğulayan N. Ağayev, bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb. Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərimizin əvəzolunmaz rolundan bəhs edib, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.

N. Ağayev qədim tarixə malik Azərbaycan muğam məktəbi, caz musiqi sənəti və onun qurucularından olan Vaqif Mustafazadənin qeyri-adi istedadından da söz açıb.

Proqram zamanı Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadənin əsərlərindən, eyni zamanda Rəşid Behbudov, Müslüm Maqomayev və Vaqif Mustafazadənin unudulmaz ifalarından və Azərbaycan muğamından nümunələr səsləndirilib. Əsərlərin tam şəkildə 26 may tarixində efirə veriləcəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR