Türkiyə gömrük xidmətinin nümayəndə heyəti "Samur" gömrük postuna baş çəkib

Türkiyə gömrük xidmətinin nümayəndə heyəti "Samur" gömrük postuna baş çəkib
# 12 aprel 2016 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müstəşar müavini Rəmzi Akçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün R. Akçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna baş çəkiblər.

Qonaqlara məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib. Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür ki, bu da qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib.

Diqqətə çatdırılıb ki, gömrük-buraxılış məntəqəsində ixrac və idxal gömrük nəzarəti xətləri var və “bir pəncərə” sistemi tətbiq edilir. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.

Sonra türkiyəli qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR