DBNX: Türkiyə və İrandan ət idxalına qadağa xəstəliyin ləğvindən sonra götürüləcək

DBNX: Türkiyə və İrandan ət idxalına qadağa xəstəliyin ləğvindən sonra götürüləcək
# 13 yanvar 2016 14:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Türkiyə və İranın bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalına qoyulan qadağa Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) məlumatından sonra götürülə bilər. BEB bizə məlumat göndərməlidir ki, xəstəlik ləğv olunub, qarşısı tamamilə alınıb və yayılma riski yoxdur. O zaman qadağa qüvvədən düşür”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov deyib. O bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından hər həftə, bəzən gündəlik hesabatlar göndərilir: “BEB xəstəliyin ləğv olunması haqda bizə məlumat verən kimi, qadağa qüvvədən düşəcək və biz də aidiyyəti orqanları məlumatlandıracağıq".

Qeyd edək ki, Azərbaycan Türkiyənin Van, İğdır, Sinop, Qars, Çorum bölgələrində və İranın Qum bölgəsində dabaq xəstəliyinin qeydə alınması ilə əlaqədar həmin bölgələrdən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR