“Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı və keyfiyyətli tibbi xidmətin təşkili” mövzusunda konfrans keçirilib

“Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı və keyfiyyətli tibbi xidmətin təşkili” mövzusunda konfrans keçirilib
# 07 iyun 2016 15:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Tibb Müəssisələri Assosiasiyası (ATMA) tərəfindən “Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı və keyfiyyətli tibbi xidmətin təşkili” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının yaranma tarixi, məqsədləri, fəaliyyət planı və assosiasiyanın tibb müəssisələrinin inkişafındakı rolu və qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında məlumat verilib.

ATMA-nın sədri Rauf Ağayev bildirib ki, yeni təşkilat Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət tibb müəssisələrini könüllülük əsasında birləşdirən müstəqil, ictimai birlikdir. Assosiasiyanın ötən ilin sonunda Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçdiyini deyən R.Nağıyev qeyd edib ki, Azərbaycanda bütün tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığını təmin etməklə əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərmək təşkilatın əsas missiyasıdır: “Assosiasiya üzv olan tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığının qurulmasına və hüquqlarının qorunmasına yardım edir. Həmçinin tibbi xidmət üzrə keyfiyyət standartlarının qiymətləndirilməsində, təkmilləşdirilməsində və tətbiqində üzv olan tibb müəssisələrinə, pasiyent təhlükəsizliyini və məmnuniyyətini təmin etmək üçün üzv olan tibb müəssisələrində standartların təkmilləşdirilməsinə köməklik edir”.

Daha sonra tədbirdə yerli və beynəlxalq ekspertlər “Azərbaycan Tibb Müəssisələri Assosiasiyası haqqında təqdimat”, “Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlıq perspektivləri”, “Tibbi xidmətin keyfiyyət standartları və keyfiyyətli tibbi xidmətin təşkili”, “İcbari tibbi sığortanın həyata keçirilməsində tibb müəssisələrinin rolu”, “Tibb müəssisələrində pasiyent təhlükəsizliyi sisteminin təşkili”, “Tibb fəaliyyətinin və tibbi sənədləşdirmənin hüquqi aspektləri” mövzularında çıxışlar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR