Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmaslar dayandırılmayıb"

Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmaslar dayandırılmayıb"
# 19 aprel 2016 13:39 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

M. Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti aktiv fazadan sülh yolu ilə həll üzrə siyasi prosesə gətirmək üçün bir sıra addımlar atılıb. Onun sözlərinə görə, cəbhə xəttindəki son hadisələrdən sonra xarici işlər nazirləri səviyyəsində təmaslar olub: “Rusiya prezidenti Vladimir Putin bəyanat verib. Lavrovun Bakı səfəri olub, Medvedev regiona səfər edib. Bununla paralel olaraq Minsk qrupu həmsədrləri aktiv fəaliyyət göstərməyə başladılar. Müvafiq bəyanat verildi və s. İş dayanmır. Hər iki tərəfdən çox sayda ittihamlar, problemli məsələlər var ki, onları həll etmək çətindir. Amma bununla bağlı güzəştləri müzakirə etmək üçün vasitəçilik missiyası var. Onu deyə bilərəm ki, təmaslar dayandırılmayıb. Hesab edirəm ki, yaxın vaxtlarda, bəlkə də bu gün və ya 2 saat sonra daha bir təmasın anonsunu verə bilərik”.

M. Zaxarova aprelin 22-də S. Lavrovun Ermənistana səfər edəcəyini də bildirib. Onun sözlərinə görə, orada ikitərəfli məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də müzakirə olunacaq.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR