Rusiya XİN başçısının müavini ABŞ səfiri ilə Qarabağ münaqişəsini müzakirə edib

Rusiya XİN başçısının müavini ABŞ səfiri ilə Qarabağ münaqişəsini müzakirə edib
# 19 aprel 2016 15:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın Rusiyadakı səfiri Con Tefftlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə olunub. Bundan başqa Ukrayna böhranın həllində qarşılıqlı fəaliyyət formaları barədə fikir mübadiləsi aparılıb, Moldova və Gürcüstandakı vəziyyətə toxunulub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR