Xaçmazda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsinin nəticələri açıqlanıb

Xaçmazda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsinin nəticələri açıqlanıb
# 30 noyabr 2015 12:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 28-29 noyabr tarixlərində Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, imtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Bildirilib ki, müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Qeyd olunub ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 2300-dən çox müəllim iştirak edib: “Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar”.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR